BolgeXeber.Com » Analitika » Əli İnsanovla Fərhad Əliyev həbsdən çixir

Əli İnsanovla Fərhad Əliyev həbsdən çixir

17-08-2011, 17:30
Oxunub: 5 888 İki nazirin buraxılması üçün Bakı-Brüssel müzakirələri

Avropa İttifaqı Azərbaycanla danışıqlarda ciddi islahatlar və siyasi məhbus probleminin həllini qoyub; 7 sentyabra qədər ölkədə böyük dəyişikliklər gözlənilir

Yaxın aylarda həbsdəki iki keçmiş nazir də daxil olmaqla, siyasi məhbuslar siyahısında olan bir sıra şəxslərin azadlığa buraxılması gözlənilir. Bu barədə redaksiyamıza Bakıdakı Avropa İttifaqına (Aİ) yaxın diplomatik çevrələrdən məlum olub. Xəbərdə deyilir ki, bu məsələ Aİ ilə Azərbaycan hakimiyyəti arasında aparılmış danışıqlar zamanı bir neçə dəfə qaldırılıb. Sonuncu belə danışıqlar zamanı rəsmi Bakı keçmiş nazirlər Əli İnsanov və Fərhad Əliyev də daxil olmaqla, bir qrup şəxsin həbsdən buraxılması məsələsini nəzərdən keçirə biləcəyini bildirib.

Mənbə deyib ki, Azərbaycan hakimiyyətinin məsələni nəzərdən keçirmək barədə vədi bu şəxslərin azadlığa buraxılmasının qətiləşdiyi mənasını vermir. Çünki əvvəllər də insan haqları sahəsindəki problemlərin müzakirəsi zamanı hakimiyyət məsələni nəzərdən keçirə biləcəyini deyib, ancaq onun həlli aylarla, hətta illərlə uzanıb.

“Amma ilk dəfədir ki, keçmiş nazirlərin azad olunması məsələsində Bakının mövqeyində bu cür yumşalma müşahidə edilir. Görünür, Azərbaycan hakimiyyəti başa düşür ki, gələn ilin mayında ölkədə keçiriləcək ”Eurovision" mahnı müsabiqəsi ərəfəsində çoxlu sayda siyasi məhbusun olması yaxşı hal deyil. Bu məsələni hansısa formada həll etmək lazımdır" - deyə qaynağımız bildirib.

Mənbə deyib ki, siyasi məhbuslar məsələsi Avropa Komissiyasında bu ilin payızında Azərbaycanla Avropa arasında Yaxın Qonşuluq Proqramı çərçivəsində əməkdaşlığın gedişi ilə bağlı müzakirəyə çıxarılacaq. Avropa Parlamentində də bu məsələ Azərbaycanda insan haqlarının durumuna dair dinləmələr zamanı qaldırılacaq. Brüsselin siyasi məhbuslar məsələsini qaldırarkən keçmiş nazirlərin məsələsini xüsusi qabartmasının səbəblərinə gəlincə isə mənbə deyib ki, həmin şəxslərin məhkəmə prosesi zamanı bir sıra ciddi pozuntular qeydə alınıb. Digər tərəfdən, onların həbsi Azərbaycanda parlament seçkiləri ərəfəsində baş verib və siyasi proseslərə təsir göstərib. Bu səbəbdən Avropada keçmiş nazirləri siyasi məhbuslar kimi qəbul edirlər: “Hazırda Fərhad Əliyevlə Əli İnsanov Azərbaycanda siyasi məhbuslar siyahısında olan ən məşhur şəxslər sayılır. Ona görə də onların azadlığa buraxılması məsələsi qaldırılır. Lakin hakimiyyətin nəzərinə digər siyasi məhbusların da azadlığa buraxılmalı olduğu, nəhayət, bu problemin aradan qaldırılmasının vacibliyi çatdırılır”.

Aİ-nin Yaxın Qonşuluq Siyasəti bu siyasətə daxil edilən ölkələrdə islahatların aparılmasının əvəzində Brüssellə üstün əməkdaşlıq imkanlarını nəzərdə tutur. Azərbaycan da daxil olmaqla, üç Cənubi Qafqaz respublikası bu siyasət çərçivəsində 5 illik fəaliyyət planı icra etməli idi. Lakin Azərbaycan fəaliyyət planında yer alan tələblərin çox hissəsini yerinə yetirməyib. Mənbə bildirir ki, bu planın yerinə yetirilməsində Ermənistan daha irəli gedib. Ermənistan hakimiyyəti siyasi məhbusları azad edib və müxalifətlə dialoq qurub. Sərbəst toplaşmaq azadlığını təmin edib, KİV haqqında qanuna yenidən baxmağa razılaşıb. Azərbaycanda isə vəziyyət daha da pisləşib. Ona görə də vəziyyət belə davam etsə, ölkənin gələn il keçiriləcək beynəlxalq mahnı müsabiqəsində yaxşı imici ola bilməz.

“Bildiyimizə görə, ölkənin birinci xanımı da bu məsələnin həllini istəyir. Ümid var ki, yaxın bir neçə ayda, çox güman ki, payızda iki keçmiş nazir də daxil olmaqla siyasi məhbus siyahısında olan bir sıra şəxslərin azadlığa buraxılması məsələsi həll ediləcək” - deyə mənbə bildirib.

Ə.İnsanova və F.Əliyevə yaxın çevrələrdən bu məlumatla bağlı dəqiqləşdirmə aparmaq mümkün olmasa da hakimiyyətə yaxın bir mənbə bildirdi ki, o da keçmiş nazirlərin tezliklə azadlığa buraxılmasını gözləyir. Həmin mənbə deyir ki, bir qayda olaraq hakimiyyət Qərbin, Avropanın dəfələrlə qaldırdığı, üzərində israr etdiyi hansısa məsələni “nəzərdən keçirə biləcəyini” deyəndə bu məsələ bir qədər uzansa da sonda həllini tapır. Mənbə ehtimal edir ki, əgər hakimiyyət keçmiş nazirlərin buraxılması məsələsinə baxmağa hazır olduğunu bildiribsə, onların özlərinə də müəyyən mesajlar çatdırıla bilər. Məsələn, azadlığa buraxılmalarının əvəzində siyasətdən uzaq durmaları, yaxud ölkəni tərk etmələri kimi.

Onu da deyək ki, bu ilin yazında həbs olunan siyasi fəallar və gənclər də birmənalı olaraq beynəlxalq ictimaiyyət tərəfindən vicdan məhbusu kimi tanınıb. Onların da azadlığa buraxılması məsələsi Qərb tərəfindən hakimiyyət qarşısında qaldırılır. Bu baxımdan keçmiş nazirlərin azadlığa buraxılması ilə yanaşı hazırda məhkəməsi gedən müxalifətçilər də buraxıla bilər. Ola bilsin ki, bu, amnistiya formasında baş versin. Ombudsman Elmira Süleymanova dünən jurnalistlərə deyib ki, o, öz səlahiyyətləri çərçivəsində Azərbaycanın müstəqilliyinin 20 illiyi ilə bağlı amnistiya elan olunması təklifini verib. O bildirib ki, hazırda amnistiya barədə xahişinə nə cavab veriləcəyini gözləyir, ehtimal edir ki, parlament payızda bu məsələyə baxacaq.

Bu yazının hazırlanması zamanı müraciət etdiyimiz başqa bir mənbə də Bakı ilə Brüssel arasında olumlu danışıqların getdiyini təsdiqlədi. Lakin sonuncu mənbə bildirdi ki, danışıqların predmeti daha genişdir və siyasi məhbuslar məsələsi burada heç də birinci sırada deyil. İlk sırada ölkədə siyasi islahatların yubadılmadan həyata keçirilməsidir. Burada siyasi azadlıqlara qoyulan məhdudiyyətlərin aradan qaldırılması, müxalifətlə dialoqun qurulması, kadr islahatlarına başlamaq və sair məsələlərdən söhbət gedir. Mənbəmiz iddia edir ki, sürəc o dərəcədə inkişaf edib ki, hətta sentyabrın 7-nə qədər Azərbaycanda ciddi bir dəyişikliklərin olması barədə hakimiyyət kluarlarında söhbətlər gəzir. Sentyabrın 7-si ilə bağlı hansısa bir mübhəm senzin olması, ümumiyyətlə, siyasi düşərgələrdə ciddi danışılır.

Mövzu ilə əlaqədar əldə etdiyimiz xəbərlərin içərisində bir maraqlı məqam da vurğulandı ki, hazırda Prezident Administrasiyası nəzdində xüsusi bir düşərgə qurulub və iqtidarın ən yaxşı polit-texnoloqları, mütəxəssisləri həmin düşərgəyə toplanıb. İddia olunur ki, hakimiyyət olası dəyişikliklərin və islahatların layihələrini hazırlatdırır. Burada məqsəd həm də budur ki, müxalifətə islahat təşəbbüskarlığı verilməsin.

Onu da qeyd etməliyik ki, son vaxtlar hakimiyyət orqanlarının vətəndaşların xüsusi mülkiyyət hüquqlarını kobud və kütləvi şəkildə pozulması faktını əsas götürərək, yuxarıdan hər hansı ciddi dəyişikliklərin olacağına (“Ağ inqilab”a) skeptik yanaşanlar da vardır (musavat.com).