BolgeXeber.Com » Analitika » Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, həm ölkəmizi gücləndirir

Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, həm ölkəmizi gücləndirir

24-04-2023, 11:18
Oxunub: 5 520

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər sayəsində ölkəmizin dinamik inkişafı təmin edilib, qarşıda duran bütün məsələlər öz həllini tapıb. Respublikamızda görülmüş işlər, əldə olunmuş uğurlar və qarşıda duran vəzifələr gələcəkdə də bu müsbət dinamikanın saxlanılacağından, Dövlət Proqramı çərçivəsində nəzərdə tutulmuş bütün vəzifələrin uğurla icra ediləcəyindən xəbər verir. İqtisadi göstəricilər uğurların davamlı olmasını göstərir.

Ümumiyyətlə, Azərbaycan Respublikasının dinamik iqtisadi tərəqqisi bütün sahələrin paralel inkişafına strateji töhfələr verir. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Azərbaycanın sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Bu siyasətə uyğun olaraq, ölkəmizdə qeyri-neft sektorunun mühüm bölməsi olan sənayenin inkişafına xüsusi əhəmiyyət verilir. Zəngin yerli xammal, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi sənaye sektorunun son illərdə keyfiyyət və kəmiyyət baxımından sıçrayışına təkan verib. Sənayenin strukturuna diqqət yetirdikdə qeyri-neft sənayesi sahələrinin artım tempinin daha yüksək olduğunu görmək mümkündür. Başqa sözlə, rəqabətədavamlı istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər inkişaf dinamikasını qeyri-neft sektorunun xeyrinə dəyişib.
Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, işsizliyin aradan qaldırılması prosesinə də əhəmiyyətli zəmin yaradıb. Regionların sosial-iqtisadi inkişafını əsaslandıran Dövlət proqramlarının ən mühüm tədbirlərindən biri yoxsulluğun azalmasına yönəlib. Yoxsulluğa qarşı mübarizənin vacib şərtlərindən birini bölgələrdə yaşayış şəraitini yaxşılaşdırmaq və çoxlu sayda yeni iş yerləri yaratmaq təşkil edir. Bölgələrdə yeni iş yerlərinin açılması və işsizlik probleminin, demək olar ki, həlli ölkəmizdə yoxsulluğun aradan qaldırılmasına əhəmiyyətli təsir edib.
Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən indiyədək Azərbaycanın bölgələrində 64 mindən çox müəssisə fəaliyyətə başlayıb. Qeyd edək ki, ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində respublikanın qərb bölgəsində, o cümlədən kurort şəhəri olan Naftalanda da hərtərəfli inkişaf üçün mühüm işlər görülüb, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi sayəsində həm sosial, həm də iqtisadi sahələrdə önəmli nəticələr əldə edilib. Cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının nəticələrinə dair hesabat da bunu təsdiqləyir.
Yuxarıda da vurğulandığı kimi, Azərbaycan Respublikası Prezidentinin imzaladığı Dövlət proqramlarından, Fərman və sərəncamlarından irəli gələn vəzifələrin reallaşması nəticəsində ölkənin bütün bölgələri kimi, Naftalan şəhəri də sosial-iqtisadi inkişaf istiqamətində böyük uğurlar qazanıb, şəhərdə tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. Eyni zamanda, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Naftalan şəhərinə aid bəndlərinin icrası ilə əlaqədar xeyli işlər görülüb.
Böyük inamla qeyd edə bilərik ki, cənab İlham Əliyev yalnız işğaldan azad edilmiş deyil, bütün rayonların sosial-iqtisadi inkişafını, yenilikləri özündə əks etdirməsini diqqətdə saxlayır. Əvvəldə də qeyd etdiyimiz kimi, hər bir səfər yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Eyni zamanda, səfərdən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün əlavə Tədbirlər Planı təsdiqlənir, Prezidentin Ehtiyat Fondundan böyük məbləğdə vəsaitlər ayrılır. Atılan bütün addımların əsasında vətəndaş məmnunluğunun artırılması dayanır.

Şəmsiyyə Abbaszadə - RİHB aparatında İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi