BolgeXeber.Com » Ölkə » Dövlət Baytarlıq Xidməti heyvan ölümünü niyə gizlədir?

Dövlət Baytarlıq Xidməti heyvan ölümünü niyə gizlədir?

24-02-2015, 14:53
Oxunub: 5 645 Dövlət Baytarlıq Xidməti heyvan ölümünü niyə gizlədir?Bəs fermerləri narazı salan amillərin aradan qaldırılması barədə düşünən varmı?

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Siyalə xanım Rüstəmovanın ölkədə heyvanlar arasında virus xəstəliyinə yoluxmanın ümumi mənzərəsi ilə bağlı fevral ayının 13-də keçirilmiş "2014-cü ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə dair" ümumrespublika müşavirəsində verdiyi açıqlamalar fermerlər arasında müəyyən çaşqınlıq yaradıb.

Belə ki, Siyalə xanımın sözlərinə görə, virus xəstəliyi yayılmağa başlayandan heyvanlar baytarlarımızın qayğısı ilə əhatə olunub. Müşavirədə (DBNX-nin rəsmi http://www.vet.gov.az saytından) sitat: "bəşəriyyətin (?!) sağlamlığı keşiyində ayıq-sayıq dayanan ölkə baytarlarının " 2014-cü ildə daha bir xəstəliyə-nodulyar dermatit virus xəstəliyinə qarşı mübarizə apardıqlarını önə çəkən xidmət rəisi Siyalə Rüstəmova deyib ki, bu xəstəlik ölkəmizdə ilk dəfə qeydə alınsa da, sözün həqiqi mənasında, baytarlıq mütəxəssisləri gecə-gündüz çalışaraq xəstəliyə yoluxan 6040 baş iribuynuzlu heyvandan 5781 başını ölümsaçan xəstəlikdən xilas edib. Siyalə xanımın sözlərindən belə çıxır ki, ötən il ölkədə nodulyar dermatit virus xəstəliyinə tutulmuş vur-tut 259 baş iribuynuzlu heyvan tələf olub. Görəsən, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi bu rəqəmləri hansı mənbədən götürüb? Ölkənin 35 rayonunda yayıldığı bildirilən bu virus xəstəliyinin qorxunc əks-sədası axı hələ də səngiməyib. DBNX rəisi doğrudanmı əhalinin bu məsələ ilə bağlı məlumatsız olduğunu düşünür? Ölkədə baytarlıq nəzarətinin aşağı səviyyəsi hər addımda öz neqativ nəticələri ilə hiss olunmaqdadır. Əlimizdə olan tam dəqiqləşdirilməmiş məlumata görə, təkcə Cəlilabad rayonunda nodulyar dermatit virus xəstəliyndən 150-200 baş iribuynuzlu heyvan tələf olub. Oxşar mənzərə İmişli, Kürdəmir, Ağsu, Göyçay, Ucar, Zərdab, Salyan, Neftçala, Biləsuvar, Masallı və digər rayonlarda da hökm sürür. Nəticədə heyvandarlıq təsərrüfatlarına sanki süpürgə çəkilib. Belə ki, maldarlıqla məşğul olan əksər fermerlər virus təhlükəsi altında qalan heyvanları da dəyər-dəyməzinə satmaq məcburiyyətində qalıblar. Siyalə xanım bu həqiqəti bu gün-sabah geniş ictimaiyyətdən gizlədə bilər. Lakin ölkə miqyasında heyvandarlıq sahəsində bugünkü real situasiyanın acı nəticələri bir-iki ildən sonra öz mənfi təsirlərini göstərəcək. Xanım rəisin viruslara yoluxma hadisəsi baş vermiş təsərrüfatlarda baytarlıq-sanitariya tədbirlərinin həyata keçirilməsi və ərazi dezinfeksiya aparılması barədə verdiyi xəbərlərə də özümüzü inandırmağa çalışırıq. Lakin qeyri-rəsmi rəqəmlər virusun xeyli miqdarda mal-qaranın tələf olmasını, hələ də daha təhlükəli həddə olduğunu düşünməyə adamı vadar edir. Fermerlərin narazılığına səbəb olan da elə budur. Bəzi maldarlıq təsərrüfatlarının rəhbərləri xəstəlikdən ölmüş heyvanlarının statistikasında saxtakarlıq hallarını qəbul etməyərək bunun hansısa maliyyə fırıldaqlarına bağlı olduğunu düşünürlər. Məlumdur ki, ölkənin veterinar xidmətinə virus xəstəliklərinə yoluxmaların aradan qaldırılmasına görə dövlət büdcəsindən milyonlar ayrılıb. Dövlət Baytarlıq Nəzarəti Xidmətində söyləyirlər ki, bu məbləğə (sözdə) xeyli işlər görülüb, xəstə heyvanlar müalicə edilib. Bəs fermerləri narazı salan amillərin aradan qaldırılması barədə düşünən varmı?