BolgeXeber.Com » Ölkə » Deputatla icra başçısının nəhəng biznes imperiyası...

Deputatla icra başçısının nəhəng biznes imperiyası...

25-02-2015, 19:00
Oxunub: 4 857 Deputatla icra başçısının nəhəng biznes imperiyası...15 ildir icra başçısı işləyən Mahmud Quliyev bu müddət ərzində bəzi ciddi özbaşınalıqlara imza ataraq özünə böyük kapital toplamağı bacarıb

Bir neçə il əvvəl Azərbaycanda bizneslə məşğul olan məmurlar və deputatların cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Cinayət Məcəlləsinə əlavələr təklif olunmuşdu. Layihənin müəllifi deputat İlyas İsmayılov idi.

Layihədə təklif olunan maddəyə əsasən, deputat və məmurlar qanuna zidd olaraq bizneslə məşğul olmalarına görə cinayət məsuliyyətinə cəlb olunmalı idilər. Bununla bağlı həmin şəxslərə qarşı 6 aydan 2 ilə qədər azadlığın məhdudlaşdırılması da təklif olunurdu. Müzakirələr zamanı deputatlar bu təklifə qarşı çıxıblar. Məsələn, deputat Rafael Cəbrayılov bildirib ki, istənilən vəzifəli şəxs əgər vəzifəsindən sui-istifadə etmirsə, dövlət büdcəsinə qanuni gəlir gətirirsə, onun bizneslə məşğul olması ciddi cinayət faktı törətmir. Beləcə, bizneslə məşğul olan məmurların cinayət məsuliyyətinə cəlb oluna bilmə ehtimalı aradan qaldırıldı. Bildiyiniz kimi, hazırda ayrı-ayrı vəzifələrdə təmsil olunan bəzi məmurlar, o cümlədən Milli Məclisin bir sıra deputatları məhz səlahiyyətlərindən sui-istifadə edərək biznes fəaliyyəti ilə məşğul olurlar. Qanunvericilik isə vəzifəli şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını birmənalı şəkildə qadağan edir. Buna baxmayaraq, bəzi məmurlar özlərinə böyük biznes imperiyası yaratmağa müvəffəq olublar. Bu gün sizə onlardan ikisi barədə danışmaq istəyirik. Milli Məclisin deputatı Astan Şahverdiyev və Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev. Əvvəlcədən qeyd edək ki, bizim adını qeyd etdiyimiz bu məmurlarla heç bir ədavətimiz, qərəzimiz filan yoxdur. Sadəcə olaraq, həm Astan Şahverdiyev, həm də Mahmud Quliyevin bizneslə məşğul olmaları haqda indiyə kimi saysız-hesabsız məqalələr yazılıb. Biz də bunu nəzərə alaraq deputatla icra hakiminin sahibkarlıq fəaliyyəti ilə bağlı qısa araşdırma apardıq. Araşdırmalar zamanı məlum oldu ki, Milli Məclisdə Cəbrayıl rayonunu təmsil edən Astan Şahverdiyev cəbrayıllı köçkünlərdən fərqli olaraq super şəraitdə yaşayır: "Deputat öz xoşbəxtliyini Cəbrayıl rayonundan olan bəzi məcburi köçkünlərin bədbəxtliyi üzərində qurub. Hərəsi bir tərəfdə məskunlaşmış rayon sakinləri min bir məhrumiyyətlər içərisində yaşayır. Onların yetərli hissəsi hələ də ağır sosial şəraitdə dolanır. Həmin məcburi köçkünlərlə müqayisədə Astan Şahverdiyevin yaşadığı həyat tərzi qat-qat üstündür. Millət vəkili qaçqın şəhərciklərində özünə iri ticarət obyektləri tikdirməyi bacarıb. Və obyektlərini yaxın qohumlarının adına sənədləşdirib. Halbuki, deputatın bizneslə məşğul olması qanunla qəti qadağandır. Bəzi hallarda Milli Məclisin tribunasından sahibkarlıq fəaliyyəti ilə məşğul olan məmurları tənqid edən Astan müəllim özü hamıdan çox qanunun tələblərini pozur. Millət vəkilinin biznes imperiyasına daxil olan obyektləri saymaqla bitməz. Təkcə Müşfiqabad qəsəbəsindəki qaçqın şəhərciyində Milli Məclis üzvünün 20-yə yaxın irili-xırdalı obyekti var. Bunların içərisində ən böyüyü "Qarabağ" market və aptekdir. Parlamentin nümayəndəsi müvafiq qanunlara qətiyyən əhəmiyyət vermir. O günü-gündən biznesini genişləndirir və nəticədə maliyyə imkanlarını daha da artırır. Astan Şahverdiyev builki parlament seçkilərində iştirak etməsə də olar. Çünki indiyə qədər yığdıqları ona bundan sonrakı həyatında artıqlaması ilə bəs edəcək". Var-dövlət, maliyyə sərvəti yığmaqda Astan Şahverdiyevdən heç də geri qalmayan Cəbrayılın icra başçısı Mahmud Quliyevin də biznes fəaliyyəti ilə məşğul olmasına dair maraqlı iddialar var. Bizə çatan xəbərlərə görə, 15 ildir icra başçısı işləyən Mahmud Quliyev bu müddət ərzində bəzi ciddi özbaşınalıqlara imza ataraq özünə böyük kapital toplamağı bacarıb. Beləliklə, paytaxtın müxtəlif ərazilərində ticarət obyektləri tikdirməyə başlayıb: "İcra hakiminin Biləcəri qəsəbəsində şadlıq evi, "Şamaxinka"da topdansatış mərkəzi, 9-cu mikrorayon ərazisində "Elmed" tibb mərkəzi, aptekləri, marketləri, internet klubları, Sumqayıtda bankı, Saatlı rayonunda böyük fermaları, Bakının bahalı yerlərində bir neçə mənzili və daha nələri var. 2000-ci ildə Cəbrayıl Rayon İcra Hakimiyyətinə başçı təyin olunan məmur o vaxtdan indiyə kimi ancaq özünə və yaxın qohumlarına işləyib. Cəbrayıllı köçkünlərin problemləri başçı üçün əhəmiyyətli deyil". Bunlar hələ deputatla icra başçısının biznes piramidasına daxil olan obyektlərin az hissəsi idi. Gələn saylarımızda Cəbrayılın deputatı və icra hakiminin daha nələrinin olması barədə böyük yazı dərc edəcəyik. Bizi izləyin.

Qarşı tərəflərin də münasibət bildirmək hüququ var.

P.S. Bilirsiniz, bu pulların mənbəyi hardandır? Polad Bülbüloğlunun opponenti kim olub, bəs 1992-ci ildə - AXC dövründə avtomatı boyundan uzun olan cəbhəçi kim olub?