BolgeXeber.Com » Ölkə » Aslan Aslanovun “arqan əməliyyatı” haqda yeni xəbər

Aslan Aslanovun “arqan əməliyyatı” haqda yeni xəbər

12-03-2015, 09:52
Oxunub: 5 196 Aslan Aslanovun “arqan əməliyyatı” haqda yeni xəbərŞəmkirdəki kirxadan oğurlanan, qiyməti milyonlarla dollarla ölçülən əntiq arqanın axtarışına başlanıb; kommunistlərin talamadığı kilsədəki musiqi alətini 10 min dollara satıblar!

“Lamiyə işi”ndə əsas fiqurant, Şəmkirin sabiq icra başçısı, sonradan kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovun köhnə əməli haqda yeni xəbər almışıq. Redaksiyamıza daxil olan məlumata görə, sabiq məmurun gürcülərə satdığı iddia edilən əntiq arqanın geri qaytarılması üçün axtarışlara başlanıb. Həmin arqan 1819-cu ildə Şəmkirə köç etmiş alman ailələri tərəfindən tikilən kirxada (alman kilsəsi) 1909-cu ildə quraşdırılıb.

Şəmkir şəhərinin 2-ci küçəsi kimi tanınan ərazidə inşa olunan Allah evində həmin arqan uzun illər istifadədə olub. 67 alman ailəsinin maliyyəsi hesabına inşa edilən kirxada quraşdırılan arqan 1998-ci ildə oradan oğurlanıb. Maraqlıdır ki, 1941-ci ildə Almaniyanın SSRİ-yə hücumundan sonra alman ailələri Şəmkirdən Sibirə sürgün edilsələr də, rəsmən Allahsız olan bir quruluşun səlahiyyət sahibləri Allah evindən arqanın götürülərək əridilməsi kimi hərəkətə yol verməyiblər. Halbuki həmin illərdə rəngli metala tələbat həddən ziyadə çox olub. Allahsız kommunistlərin atmaqdan çəkindikləri addım A.Aslanovun Şəmkirin icra başçısı olduğu dövrdə atılıb. Arqan oğurlanaraq satılıb!

Konkret rəqəm də var - 10 min dollara!

Güman edilir ki, arqan hazırda Gürcüstan paytaxtındakı kilsələrdən birində quraşdırılıb. Arqanın müəyyən edilərək tarixi məkanına - Şəmkirdəki alman kilsəsinə qaytarılması planlaşdırılır. A.Aslanovun “arqan əməliyyatı” haqda “Yeni Müsavat”ın 29 oktyabr 2013 tarixli sayında yer alan “Aslan Aslanovun köhnə cinayəti üzə çıxdı” sərlövhəli yazıda söhbət açılırdı. Həmin yazını müəyyən ixtisarla təqdim edirik: “Aslan Aslanov Şəmkirdə işlədiyi müddətdə də dəhşətli əməllər törədib. Aslan Aslanovun satdığı, yeri boş qalan arqanı yerinə qoymaq əziyyəti vergilər naziri, bölgənin hazırkı kuratoru Fazil Məmmədovun boynunda qalıb. A.Aslanov Şəmkir rayonunun icra başçısı olarkən rayonun 2-ci küçəsində yerləşən tarixi Alman kilsəsindəki arqan musiqi alətini 10 min dollara gürcülərə satıbmış.

Əntiq əşya statusunda olan və maddi dəyəri milyonlarla ölçülən bu nadir əşya başçının tamahına qurban gedib. Hadisənin içində olan bir Şəmkir sakini deyib ki, həmin vaxt alman kilsəsi təmirsiz və xaraba vəziyyətdə olub. Qədim arqan da pozulmuş halda imiş. Onun barəsində eşidən Giya adlı bir gürcü arqanı alaraq, Tiflisdəki kilsələrdən birinə bağışlamaq qərarına gəlib. Buna görə A.Aslanova çıxış axtarıblar. ”Marnaullu Eldar" kimi tanınan birisi vasitəsilə bu əlaqə qurulub. Gürcü Giya bu nadir arqanı nəhayətdə 10 min dollara ala bilib. Mənbəmiz deyir ki, xatırladığına görə, hadisə 1998-ci ildə olub. Həmin vaxtlar Aslan Aslanov bütün bölgənin kuratoru sayılırdı və eyni zamanda Gürcüstan azərbaycanlılarının da problemləri guya onun üzərində idi...

Məsələnin mabədi daha maraqlıdır. Aslan Aslanovun satdığı, yeri boş qalan orqanı yerinə qoymaq əziyyəti vergilər naziri, bölgənin hazırkı kuratoru Fazil Məmmədovun boynunda qalıb. Belə ki, Şəmkirdə bərpa edilən Lüteran kilsəsinin açılışı və daha sonra prezident İlham Əliyev tərəfindən (2013-cü ilin 10 sentyabrında) ziyarəti zamanı kilsədə orqan olmasına ehtiyac yaranıb. Proqramı öncədən tərtib edən Fazil Məmmədov kilsə üçün 2.8 milyon avroya İtaliyadan arqan aldırıb və yerinə qoydurub".

Həmin yazıda qeyd edilir ki, Şəmkirdəki Lüteran kilsəsinin bərpası və əsaslı təmiri Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə həyata keçirilib. Kilsədə bərpa işlərinə 2012-ci ilin mayında başlanılıb, 2013-cü ilin iyulunda sona çatdırılıb. 1909-cu ildə almanlar tərəfindən inşa edilən kilsə uzun illərdən sonra yenidən bərpa olunub, ərazisi abadlaşdırılıb və park salınıb. Prezident kilsəni ziyarət edən zaman yeni alınan arqanın müşayiəti ilə xor kollektivinin çıxışını dinləyib.
musavat.com