BolgeXeber.Com » Ölkə » Nazirlikdən şübhəli cəza siyasəti... - Dükanlara, marketlərə hansı formada "qulaqburması" verilir...

Nazirlikdən şübhəli cəza siyasəti... - Dükanlara, marketlərə hansı formada "qulaqburması" verilir...

17-03-2015, 12:10
Oxunub: 4 842 «Qanun pozuntusuna yol vermiş şəxslər barəsində müvafiq tədbirlər görülüb»

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti son bir aya yaxın zamanda Bakıda vıə ölkənin regionlarında fəaliyyət göstərən ticarət obyektlərində qiymətlərlə bağlı monitorinqlər aparır. Aparılan monitorinqlər barədə isə mətbuata mütəmadi olaraq məlumatlar verilir. Demək olar ki, son 2-3 həftə ərzində hər gün ölkə mediasında süni qiymət artımlarına yol verən, istehlakçıları aldadan marketlərin sahibləri barədə ölçü götürüldü deyilir. Adətən yayılan bu informasiyaların sonunda belə bir fraza yer alı rvə xəbər yekunlaşır: «Qanun pozuntusuna yol vermiş şəxslər barəsində müvafiq tədbirlər görülüb».

Lakin gundeminfo.az-ın əməkdaşları adıçəkilən nazirliyin nəzərdə tutduğu «müvafiq tədbirlər görülüb» məqamını aydınlaşdırmağa çalışıblar. Nazirliyin əməkdaşlarının apardıqları yoxlamalar, əsasən marketlərdə satılan malların üzərindəki qiymətlərlə kassa aparatlarının fiskal yaddaşındakı qiymətlər arasında yaranmış fərq istehlakçıların hüquqlarının kobud pozulması faktıdır. «İstehlakçıların hüquqları haqqında» Azərbaycan Respublikasının müvafiq qanunvericilik bazasına əsasən burada hüquqi və fiziki şəxslər üçün konkret cəzalar nəzərdə tutulur. Xüsusilə də kütləvi olaraq istehlakçı hüquqlarının pozulması faktlarına görə qanunda müvafiq olaraq cərimələr öz əksini tapır. Lakin nədənsə İqtisadiyyat və Sənaye Nazirliyinin müvafiq idarəsi sonucda konkret olaraq pozuntu aşkarlanan marketlərin sahiblərinə qarşı hansı cəzaları kəsdikləri barədə konkret olaraq bir məqam açıqlamırlar.

Maraqlıdır ki, belə olan hallarda tərtib edilmiş cəza aktlarının icrası zamanı dövlət büdcəsinə ödənişlər daxil olmalıdır. İndiki şəraitdə total olaraq bu nazirliyin belə bir yoxlama kampaniyasından nə qədər hüquqi və fiziki şəxsin nə qədər cərimələnməsi barədə heç bir rəqəm açıqlanmır. Nəinki açıqlanmır, ümumiyyətlə gizli saxlanılır.

Mənbə bu məqamla bağlı olduqca ilginc iddiada çıxış edir. Mənbəmiz deyir ki, indiki şəraitdən istifadə edən nazirliyin müvafiq idarəsi yoxlama apardıqları marketdə tətbiq edəcəkləri cərimə ilə bağlı olaraq tərtib ediləcək aktları bağlamırlar. Yəni yekun qərar dərhal çıxarılmır. Bürokratik əngəllər, get-geldən sonra sahibkarların statusundan, onların «davranışlarından» asılı olaraq yekun sənədlər imzalanır.

Maraqlıdır ki, bəzən hətta elə olur ki, nazirliyin əməkdaşlarına çox yüksək səviyyədən edilənbir telefon zəngi ilə yekunlaşdırılmamış akt ümumiyyətlə ləğv edilir. Baxmayaraq ki, bununla bağlı olaraq hətta mətbuata durmadan bülletenlər ötürülür və bu bülletenlərdə müvafiq olaraq adlar və ünvanlar çəkilir.

Bu mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışırıq. Son zamanlar istehlakçıları aldatdığına görə nə qədər sahibkarın konkret olaraq necə cəzalandırılmasına dair rəsmi bilgiləri əldə edib sizlərə təqdim etməyə çalışacağıq.
gundeminfo.az