BolgeXeber.Com » Ölkə » Tovuzda 180 kq-lıq dana 10 manata satıldı

Tovuzda 180 kq-lıq dana 10 manata satıldı

19-03-2015, 12:40
Oxunub: 4 675 Tovuzda 180 kq-lıq dana 10 manata satıldıTovuzun mal-qara bazarında maraqlı sövdələşmə baş tutub

Kəpəz TV xəbər verir ki, rayon sakini 170-180 kiloqramlıq iribuynuzlu heyvanı 10 manata satıb. Belə ki, tam məbləğin 10 manatından başqa digər pullar saxta çıxıb.

Tovuzun Aşağı Mülkülü kənd sakini Nazim İbrahimov 1 ilə yaxın öz həyətində bəslədiyi erkək dananı bazara çıxarıb, baha qiymətə satmaq istəsə də buna nail ola bilməyib. Maraqlısı odur ki, kənd sakini iribuynuzlu heyvanı razılaşıb istədiyi qiymətə satsa da aldığı 710 manatın 700-ü saxta çıxıb.

Zərərçəkənin sözlərinə görə, hündürboylu fırıldaqçını bazarda ilk dəfə görüb. Bəslədiyi heyvanı satan Nazim İbrahimov pulları dükana vermək istəyəndə onun saxta olduğu üzə çıxıb. Dərhal qohum-əqrabanı xəbərdar edən kənd sakini saxta əskinasları Tovuz Rayon Polis Şöbəsinə təhvil verib.

Heyvan sahibinə 14 ədəd eyni nömrəli 50 manatlıq saxta əskinas verən şəxs barəsində Tovuz RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

BOLGEXEBER.COM