BolgeXeber.Com » Müsahibə-Reportaj » Elmir Əkbər: “Həcilər məşuqələrinə psixologiya mərkəzi açır”

Elmir Əkbər: “Həcilər məşuqələrinə psixologiya mərkəzi açır”

7-09-2022, 15:00
Oxunub: 5 040 "Bu gün Azərbaycanda psixologiya sahəsində vəziyyət ürəkaçan deyil".
Bolgexeber.com xəbər verir ki, bu barədə Modern.az-a tanınmış psixoterapevt Elmir Əkbər bir neçə gün əvvəl loqopediya mərkəzində uşaqlara işgəncə verilməsi faktı ilə bağlı danışarkən bildirib.
E.Əkbər qeyd edib ki, respublikanı bir-birinə qatan bu hadisə ölkədə birinci hal deyil:

"Zaman-zaman belə hallar xırda şəkildə gündəmə gəlib. Mən bu camiədən xəbərdar olduğum üçün deyə bilərəm ki, belə hallar çox olub. Sadəcə bu dəfə sosial şəbəkələr müsbət sosial tənqid rolunu oynadığı üçün bu hadisəni gündəmdən çıxara bilmədilər".

Onun sözlərinə görə, yaşanan bu hadisələrin səbəbi həcilərin öz məşuqələrinə, məmurların ağıldan kəm, "debil" qızlarına psixologiya mərkəzləri açmasıdır:

"Əvvəllər bu cür qızlara gözəllik salonu açırdılar. İndi isə həmin şəxslərin bu mərkəzi işlətməyə mənəvi haqqının çatıb-çatmadığının fərqinə varmadan onlara psixologiya mərkəzi açırlar. Heyf ki, təhsil haqqında düşünmürlər. Başa düşmürlər ki, istənilən bir problemli insanla loqopedin, psixoloqun işləyə bilməsi üçün pasiyentə ilk növbədə psixoterapevt diaqnoz qoymalıdır. Həkim psixoterapevt kimdir? Azərbaycanda insanlar bunu hələ də bilmir. Dələduzlar da çalışır ki, bunu heç kəsə bildirməsinlər. Həkim psixoterapevtin diplomunda nevropatoloq, yaxud başqa ixtisas yazılmalı deyil. Sırf həkim-psixoterapevt yazılmalıdır. Həkim-psixoterapevtin diaqnostikasından sonra klinik psixoloq, yaxud psixoloq işə başlaya bilər. Panikatak, depressiya kimi problemlər olduqda əgər həkim psixoterapevt yoxdursa, onun seanslarını adi psixoloq yox, klinik psixoloq həyata keçirə bilər. Bütün bunlaradan Azərbaycanda kimin xəbəri var? Heç kimin. Ona görə də, vəziyyət belə bərbad, acınacaqlıdır”.

"Ümumiyyətlə, bu hadisədə hamı bir məqamı yaddan çıxarır. Həmin savadsız, səriştəsiz, dırnaqarası mütəxəssis qəzəblənib uşağı sadəcə döymür, hətta ağıza alınmayacaq nalayiq sözlər işlədir. Həmin adam manyakdır. Bu onun verdiyi işgəncədən zövq aldığını göstərir. Başqa bir videoda müəssisənin rəhbərinin də eyni cür davrandığı görünür. Hələ videolarda əks olunmayan nələr yaşanır. Ümumiyyətlə, o kollektiv manyak, psikopat yığınıdır. Təkcə o müəssisədə yox, göbələk kimi çıxmış psixologiya mərkəzlərində vəziyyət belədir”,-deyə E.Əkbər vurğulayıb.

Psixoterapevt qeyd edib ki, ümumiyyətlə günah valideynlərdədir:

"Valideynlər özlərinə bir corab, ayaqqabı alanda ölçüb-biçib maraqlanıb alırlar. Bəs uşağını bu tip mərkəzlərə aparanda maraqlanırmı ki, orada fəaliyyət göstərən psixoloqların təhsili nədir, onlar hansı savada malikdir. Valideyn niyə maraqlanmayıb dələduzun, fırıldaqçının yanına gedir. Bu göstərir ki, valideyn öz övladına səhlənkar yanaşır. Yəqin, hər kəsin tanıdığı elə bir adam var ki, dünənə kimi başqa adam olub indi isə psixoloq kimi ortalığa çıxıb fəaliyyət göstərir. Nə oldu, Görüş filmində kişinin başına boranı düşən kimi, boranı düşür başlarına psixoloq olurlar? Corab toxuyan, yorğan sırıyan hamı özünü psixoloq adlandırır. Fahişəliklə məşğul olanlar belə bugün özünü psixoloq adlandırır. Dəhşətdir. Bu hal çox geniş yayılıb. Nəticədə həqiqi psixoloqların günü qara olub. Problem odur ki, Azərbaycanda psixologiya, psixoterapiya liqası hələ bu il yaranıb. Ona görə də, bu halların tənzimlənməsi belə bərbaddır. Nəticədə, çox savadlı, dəyərli psixoloqlar xaricə köçüb gedirlər. Çünki camaatın gözündən bu ixtisası çox pis şəkildə salıblar. İnsanlar sosial şəbəkələrdə hələ də fəaliyyət göstərən dırnaqarası psixoloqların yanına gedir. Elə bilirlər ki, elə hamı o cürdür. Düşünürəm ki, Liqa belələrini məhkəməyə verməlidir. Onların ucbatından psixoloqların adı batır”.

Onun sözlərinə görə, bu gün Azərbaycanda psixoterapevtlərin sayı da çox azdır:

"Mütəxəssislər barmaqla sayılacaq qədərdir. Onların da təhsil peoblemi var. Psixologiya, psixoterapiya elə bir elmdir ki, ona kitab oxumaqla yiyələnmək mümkün deyil. Kitab oxumaqla böyrək, ciyər həkimi olmaq olar, ancaq psixoterapiyanı, klinik psixologiyanı öyrənən adam mütləq Viktor Franka, Karl Qustoya, Vi Yonqaya, ya da Zigmund Freydə gedib çıxmalıdır. Əgər bu əlaqəlilik, bu zəncir yoxdursa, demək o heç vaxt peşəkar mütəxəssis ola bilməz. İnsanlar təəssüf ki, öz təhsillərinə yatırım etmək istəmirlər. İndi bir çoxu attestatla Türkiyəyə gedib oranın geridə qalmış universitetlərini bitirir. Dörd ildən sonra Azərbaycana böyük bir sürünün axını olacaq. Onlar hansı ağlın sahibidir, onlardan nə olacaq? Mən qızlardan abituriyent imtahanı götürülməməsinin tərəfdarıyam. Ancaq insanların intellektual qabiliyyəti yoxlanılmalıdır. Həkim olan, psixoloq olan adamın vəziyyəti çox bərbaddır. Yoxlanılmalıdır ki, onun bu sahədə olub, insanlarla işləməyə haqqı çatır? Yenə deyirəm ki, başqa sahədən olan insanların əksəriyyəti daha sonra onlayn şəkildə Ukraynadan saxta diplomlar alıblar. Yaxud Türkiyə universitetlərinə attestatla qəbul olub oxuyublar. İnsanlar ayıq olmalıdır. Hara, kimin yanına gedtiklərini bilməlidirlər. İşgəncə verən qadına gəlincə, o necə qadındır, necə anadır ki, dili ilə dərdini deyə bilməyən bir uşağa o cür zülm edir. Mən hesab edirəm ki, o heç öz övladlarına da yaxşı ana deyil. Bu tip insanlara başqalarına nümunə olması üçün ən ağır cəza verilməlidir”.