BolgeXeber.Com » Xəbərlər » Əli Abbasovun qaynı istintaqa cəlb olunub

Əli Abbasovun qaynı istintaqa cəlb olunub

16-11-2016, 14:06
Oxunub: 1 986 Əli Abbasovun qaynı istintaqa cəlb olunubBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəməyə hazırlıq iclası keçiriləcək. Ötən iclas təqsirləndirilən şəxslərin cinayət işinin materialları ilə tanış ola bilməməsinə görə təxirə salınmışdı

Yada salaq ki, məhkəmə qarşısına nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, Emin Məmmədov və digər şəxslər çıxarılacaqlar. Onlar külli miqdarda büdcə vəsaitinin mənimsənilməsi ittihamı ilə üz-üzə qalıblar.

Maraqlıdır ki, ötən il noyabrın 13-də prezident İlham Əliyevin sərəncamı ilə işdən qovulan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov uzun müddət istintaqdan kənar qala bilib. Onun barəsində cinayət işi bu ilin oktyabrında başlanıb. Sabiq nazirlə bərabər nazirliklə əməkdaşlıq edən bir neçə şirkətin nümayəndələri barəsində ayrıca istintaq olunur.

Ə.Abbasov və digərləri Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilirlər.

İstintaqa yaxın mənbələrdən aldığımız məlumata görə, müstəntiqlərin sorğu-sualları ilə üz-üzə qalanlar sırasında Əli Abbasovla yanaşı, onun qaynı Elçin İbrahimov da var. E.İbrahimov RYTN xətti ilə aparılan 250 milyon manatlıq tikinti işlərini gerçəkləşdirib. E.İbrahimovun sədri olduğu “Qafqaz-S” inşaat məhdud məsuliyyətli cəmiyyətinin tikintiləri gerçəkləşdirərkən külli miqdarda vəsaitlərin mənimsənilməsinə əsaslı şübhələr olduğu üçün sorğu-sual olunub. Əli Abbasovun qohumlarının, oğlunun və digər yaxınlarının da tikinti şirkətləri də var. Həmin şirkətlərə RYTN-yi xətti ilə tikinti aparmaq üçün külli miqdarda büdcə pulları köçürülüb. Belə şübhələr var ki, həmin vəsaitlərin də böyük hissəsi mənimsənilib.

Mövzuya qayıdacağıq. (musavat.com)