BolgeXeber.Com » Xəbərlər » Səbuhi Əhmədovun qardaşına şəhid ailəsi statusu verildi? - Qurumdan REAKSİYA

Səbuhi Əhmədovun qardaşına şəhid ailəsi statusu verildi? - Qurumdan REAKSİYA

29-09-2022, 14:30
Oxunub: 2 088 Sosial şəbəkələrdə şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova şəhid ailəsi statusu verilməsi üçün Müdafiə Nazirliyindən arayış təqdim edilməsi ilə bağlı məlumatlar yayılıb.
Şəhid Səbuhinin qardaşı Sənan Əhmədov Azxeber.com-a bildirib ki, ona DOST Mərkəzinə təqdim etmək üçün Müdafiə Nazirliyi arayış verib:
“Müdafiə Nazirliyi mənə arayış verib. Deyiblər ki, DOST Mərkəzinə təqdim et. Nəticəni onlar deyəcəklər. Onlar qərar verəcəklər ki, şəhid ailəsi sayılıram, ya yox”.
DOST Mərkəzindən isə bildirilib ki, vətəndaş rəsmi qaydada müraciət etdikdən sonra onun müraciətinə baxılıb daha sonra yekun qərar veriləcək.
13:42
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın sentyabrın 12-13-də törətdiyi təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan Səbuhi Əhmədova “şəhid”, onun ailəsinə isə “şəhid ailəsi” statusu verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmaq üçün arayış verib.
Bununla bağlı arayışı Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov sentyabrın 20-də imzalayıb.
Sənəddə qeyd olunub ki, gizir Əhmədov Səbuhi Fuad oğlu sentyabrın 13-də düşmən təxribatının qarşısının alınması zamanı həlak olub.
Bildirilib ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən gizir Əhmədov Səbuhi Fuad oğlu “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilir.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyindən verilən açıqlamada Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun şəhid ailəsi statusuna aid olmadığı bildirilib. “Sənana qanunvericilikdə şəhid ailəsi statusunun kimlərə şamil edildiyi, bu statusun hansı qurum tərəfindən verildiyi izah edilib. Həmçinin həssas qruplardan olan internat məzunlarının mənzillə təmin edilməsi üçün meyarlar haqqında da onunla danışılıb. Sənanın təlim və tərbiyə aldığı “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası Nizamnaməsinə görə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda deyil. Buna baxmayaraq dövlətin qayğısının bir daha təzahürü olaraq Sənan Fuad oğlu Əhmədovun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Nazirlik hazırda mümkün olan təklifi – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edib. Sənan bundan imtina edərək 2 otaqlı mənzil istədiyini bildirib. Sənana qanunvericiliyin tələbləri barədə bir daha ətraflı məlumat verilib”, - Agentliyin məlumatında qeyd edilib.