BolgeXeber.Com » Sosial » «Mothercare» Azərbaycanda alıcılarını necə aldadır?

«Mothercare» Azərbaycanda alıcılarını necə aldadır?

9-06-2014, 17:55
Oxunub: 4 960 Tanınmış brendlərin son vaxtlar ölkəmizə investisiya qoymaları, Azərbaycanda şöbələrini açması artıq adi hal alıb

Lakin bu brendlərin ən böyük çətinliklərindən biri də standartlarını tətbiq etməkdir. Buna səbəb isə həm məsuliyyətli kadr çatışmamazlığı, həm də yerli investorların qeyri-peşəkarlığıdır. Bu da nəticədə istehlakçı hüquqlarının pozulmasına, onlarda brend haqda mənfi rəy yaranmağa gətirib çıxardır.

Son vaxtlar redaksiyamıza bu haqda daxil olan şikayət məktublarının əksəriyyəti «Mothercare» mağazalar şəbəkəsinin qiymət siyasəti haqdadır. Belə ki, mağazaların ayrı-ayrı filiallarında eyni məhsulun qiymətlərinin fərqli olması, aldadıcı kampaniyaların aparılması, hətta məhsulun etiketinə yapışdırılan qiymətin kassada daha yüksək olduğunun ortaya çıxması kimi neqativ hallar olduğu qeyd olunur.

Apardığımız araşdırmalardan da bu nəticəyə gəlmək olar ki, alıcıların bu şikayəti əsaslıdır və mağazalarda istehlakçıların hüquqları ciddi şəkildə pozulur, onlar sözün əsl mənasında aldadılır. Ən pis halda odur ki, məsələn etiketində 15 manat yazılan bir məhsulun kassada 20 manat olduğu ortaya çıxır və alıcılar çox vaxt bir-neçə məhsul aldıqları üçün bundan xəbərsiz olurlar. Bu fırıldağı anlayan müştərilərə isə «üzərindəki kampaniya qiyməti idi, hazırda kampaniya bitib» şəklində «yola verirlər».

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən məsələ ilə bağlı mövqe öyrəndik və onlar bildirdilər ki, bu tamamilə alıcının aldadılmasıdır və istehlakçı onlara şikayət edərsə lazımi tədbirlər götürülər.

Lakin reallığa gəldikdə əksər insanlar dövlət qurumlarına şikayət ərizəsi ilə müraciət etməyə üstünlük vermirlər və buna da haqlı səbəbləri var.
Məsələ ilə bağlı araşdırmalarımız davam edəcək. Marka.az