Qanlı faciə
27-03-2023, 15:01
Oxunub: 3 968
Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəklədirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Ən dəhşətli olaylar isə 1918-ci ilin mart ayının 30-31-i və aprel ayının ilk günlərində Bakıda baş verdi. Bakıda soyqırımı planı hələ 1917-ci ildə “Daşnaksütun” partiyası və Erməni Milli Komitəsi tərəfindən hazırlanırdı. Onlar dəfələrlə müsəlmanları bolşeviklərə qarşı silahlı çıxışa təhrik etməyə cəhd göstərirdilər. Fitnəkarlıq yalnız 1917-ci ilin dekabrında Rusiya Xalq Komissarları Sovetinin sədri V.İ.Leninin S.Şaumyanı Qafqazın fövqəladə komissarı təyin etdikdən sonra baş tutdu. Ermənilərin məqsədi bolşeviklərin əli ilə müsəlman əhalisini cismən məhv etmək idi. Adamların qətlə yetirilməsi və müsəlman məhəllələrinin darmadağın edilməsi mütəşəkkil erməni hərbi hissələri tərəfindən planlı surətdə həyata keçirilirdi. Bakı Sovetinin qüvvələrinə rəhbərlik edən S.Şaumyanın erməni hərbi hissələrindən istifadə etməsi bu qırğını daha da dərinləşdirmişdi. Ermənilər azərbaycanlılara qarşı müxtəlif soyqırımı siyasəti həyata keçiriblər. 31 mart azərbaycanlıların soyqırımı bəşəriyyətə, insanlığa qarşı törədilən erməni vandalizminin təzahürüdür. Bu genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı böyük amansızlıqla və qəddarlıqla qətlə yetirilib. Bunun nəticəsi olaraq Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Təkcə milli mənsubiyyətinə görə, minlərlə dinc azərbaycanlı məhv edilib. Ermənilər evləri yandırıb, insanları diri-diri oda atıblar. Onlar tərəfindən milli-memarlıq abidələri, məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılıb. Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilib. Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılıb, kəndlər yandırılıb, milli mədəniyyət abidələri məhv edilib. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi bu soyqırımı nəticəsində 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda 50 mindən çox soydaşımız qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub.
Azğınlaşmış erməni quldurlar dinc azərbaycanlı əhalini qırıb-çatmaq üçün ən amansız üsullara əl atırdılar. Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Y.Kluqe bu komissiyanın sədrinə ünvanladığı məruzədə yazırdı: “Yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərlər çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirdilər. Ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını qırırdılar”.
Təhqiqat Komissiyasının sənədlərindən məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox türk-müsəlman öldürülüb. Onların çoxunun meyitləri tapılmayıb. Ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə, quyulara atırdılar ki, cinayətin izini itirsinlər. Bakı əhalisindən 400 milyon manatlıq daş-qaş və əmlak qarət olunub. Bir çox ziyarətgahlar və tarixi abidələr yerlə-yeksan edilib. Memarlığın incilərindən sayılan İsmailliyənin binası yandırılıb. Mart talanlarında yaxşı təşkil olunmuş hərbi hissələrlə yanaşı, erməni ziyalıları, gəncləri də iştirak edirdilər.”.
1918-ci ilin mart hadisələri zamanı qədim Şamaxı şəhəri də dəhşətli talanlara və vəhşiliklərə məruz qalıb. Ermənilərin bu şəhərdə və ümumən Şamaxı qəzasında törətdikləri vəhşiliklər haqqında 7 cilddən ibarət təhqiqat materialları toplanıb. 1919-cu il martın 30-da “Azərbaycan” qəzetində Fövqəladə Təhqiqat Komissiyasının “Çağırış”ı dərc olunub. Komissiyanın sədri Ə.Xasməmmədovun imzaladığı bu sənəddə deyilirdi: “Şamaxının yalnız xarabalıqları qalmışdır. Şəhərin müsəlman hissəsindəki bu xarabalıqlarda məscidlərin ən qədimi olan, 800 ildən çox tarixə malik Cümə məscidinin ancaq yanıb qaralmış minarələri görünür, şəhərin 15 minlik müsəlman əhalisindən sağ qalanlar isə bütün Zaqafqaziyaya dağılmışdı.
Təhqiqat Komissiyasının sənədlərindən aydın olur ki, Şamaxı şəhərinin azərbaycanlı əhalisinə vurulmuş ziyan orta hesabla 1 milyon manatdan çox olub.
Ermənilər Qubada, Lənkəranda və digər qəzalarda da qırğınlar törədiblər. Ermənilər Quba qəzasında da qırğınlara geniş hazırlıq işləri görmüşdülər.
Təhqiqat materiallarından məlum olur ki, 1918-ci il mayın 1-də Qubaya girən daşnak-bolşevik birləşmələrinin sayı 5 mindən artıq olub. Ona görə də, onlar silahsız dinc əhaliyə azğınlıqla divan tuta biliblər. İki gün ərzində yalnız Quba şəhərində 4 minədək müsəlmanın öldürüldüyünü xatırlamaq kifayətdir.
A.Novatski qeyd edir ki, müsəlmanların dini heysiyyətinə toxunaraq, məscidlərə od vurub yandıran daşnaklar təkcə Quba, Qusar və Xaçmaz ərazisində 26 məscidi yandırıblar. Hamazaspın vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilib. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyil.
Quba Soyqırımı Memorial Kompleksi Xatirə Kompleksi 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib, Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib. 2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı təsadüfən kütləvi məzarlıq aşkar edilib. Abidə üç hissədən: sivriuclu bıçaqları xatırladan iki konstruksiya – giriş və çıxışdan, mərkəzində qara xatirə daşı yerləşən əsas zaldan ibarətdir. Abidənin iti ucları şiddətli ağrını təcəssüm etdirir. İti ucların yerin altından üzə çıxması həqiqəti gizlətməyin mümkünsüz olduğunu əks etdirir. Abidə bütövlükdə brutto-betondan hazırlanıb. Faciə qurbanlarının xatirəsinə matəm sükutunu təcəssüm etdirmək məqsədilə layihədə hər hansı bəzəkdən imtina edilib. Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında – Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb. 19 bölmədən ibarət muzey ekspozisiyası Azərbaycan, rus və ingilis dillərində təqdim olunur.
Xalqımıza qarşı 1918-ci ildə törədilən mart soyqırımı kimi faciəli bir tariximizin Sovet tarixşünaslığında saxtalaşdırılması və ört-basdır edilməsini təkcə tarixi bir anın unudulması kimi qəbul etmək olmaz. Mart hadisələrinin saxtalaşdırılması xalqımıza qarşı tarixən düşmən münasibət bəsləyən erməni xislətinin gizlədilməsi oldu. Bu isə özlüyündə XX əsr tariximizdə yeni-yeni qanlı səhifələrin açılmasına gətirib çıxarıb. Ermənilər XX əsrin sonlarında da azərbaycanlıların misli görünməmiş soyqırımını həyata keçiriblər. Təpədən-dırnağadək silahlanmış erməni daşnakları 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə divan tutub, 613 nəfəri vəhşicəsinə qətlə yetirib. Həmin gün erməni daşnakları azərbaycanlıların növbəti soyqırımını xüsusi qəddarlıqla həyata keçiriblər
30 il ərzində işğal edilmiş ərazilərdə 800 yaşayış məntəqəsi, 6 min sənaye və kənd təsərrüfatı obyekti, ümumi ərazisi 9 min kvadratmetr olan 150 mindən artıq mənzil və şəxsi ev, 4366 sosial-mədəni obyekt, o cümlədən, 850 məktəbəqədər təlim-tərbiyə müəssisəsi, 690 orta məktəb, 490 tibb müəssisəsi, 927 kitabxana, 22 muzey, 6 teatr, konsert zalı və s. obyektlər erməni vandalları tərəfindən dağıdılıb
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Ermənilərin millətimizə, vətənimizə qarşı törətdikləri cinayətlər və vəhşiliklər bunlarla bitmir. Onların ciddi tədqiqatlara, araşdırmalara ehtiyacı var. Bu işdə hər kəs yaxından iştirak etməli, Ermənistanda dövlət siyasəti səviyyəsinə qaldırılmış soyqırım faktları bütün dünya ictimaiyyətinə çatdırılmalıdır. Onu da qeyd etmək lazımdır ki, dövlətimiz tərəfindən bu istiqamətdə artıq ciddi uğurlara imza atılmaqdadır. Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub. Erməni-bolşevik silahlı dəstələrinin 105 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə KİV-lərdə məqalələr dərc edilir.
Ölkə Prezidenti cənab İlham Əliyev ən yüksək tribunalardan dünya ictimaiyyətini erməni vəhşilikləri haqqında arqumentləşdirilmiş şəkildə məlumatlandırmaqdadır. Dövlətin yaxından təşkilatçılığı ilə bu gün demək olar ki, Azərbaycan ictimaiyyətinin böyük bir qismi bu istiqamətdə fəal mübarizəyə qoşulubdur. Artıq ciddi uğurlarımız göz qabağındadır. Məsələn, “Xocalıya ədalət” beynəlxalq informasiya kampaniyasına məhz 2008-ci il mayın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə start verilib. Bu gün XX əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı ilə bağlı həqiqətlərin üzə çıxarılması və dünya ictimaiyyəti tərəfindən siyasi-hüquqi və mənəvi qiymətləndirməyə nail olunması istiqamətində bu möhtəşəm kampaniya dünyanın 30-dan çox ölkəsində yüzlərlə könüllü tərəfindən uğurla həyata keçirilir.
Erməni-daşnak və bolşevik qüvvələrinin Bakıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayətdir. Belə faciələrin bir daha təkrarlanmaması üçün millətimiz öz tarixini bilməli, müqəddəs dövlətimiz və uca millətimiz daim güclü olmalıdır.
Könül Kazımova - Bərdə rayon E.Mirzəyev adına Muğanlı kənd tam orta məktəbin direktoru
Çox Oxunanlar
- 14-09-2024, 17:58 : Ordumuzun əsgəri bədbəxt hadisə nəticəsində həyatını itirdi
Xəbərlər / Ölkə
- 21-09-2024, 18:46 : Antoni Blinken Azərbaycan xalqını təbrik edib
Siyasət / Xəbərlər
- 28-09-2024, 16:52 : DİQQƏT- Bu yolda avtobus zolağı ləğv olunur
Xəbərlər / Ölkə
- 5-10-2024, 17:56 : Bakı-Qazax yolunda ağır yol qəzası olub
Xəbərlər / Ölkə
- 18-09-2024, 17:56 : ÇL oyunlarına baxmaq istəyənlərin NƏZƏRİNƏ
İdman / Xəbərlər
- 16-09-2024, 17:57 : Sərhəddə atışma olub- Erməni hərbiçilər...
Dünya / Xəbərlər
- 14-09-2024, 17:15 : Türkiyə gözəlindən TƏNQİDLƏRƏ CAVAB
Şou-Biznes
- 14-09-2024, 14:29 : Formula-2: Bakıda sprint yarışı start götürdü
İdman
- 13-09-2024, 17:34 : Azərbaycanda əhalinin sayı açıqlanıb
Bölgə
- 13-09-2024, 13:11 : Formula 1 üzrə birinci sərbəst yürüş başladı
İdman