BolgeXeber.Com » Ölkə » Tovuz Sosial-İqtisad Kollecində özbaşınalıq hökm sürür

Tovuz Sosial-İqtisad Kollecində özbaşınalıq hökm sürür

17-03-2015, 13:46
Oxunub: 5 610 Tovuz Sosial-İqtisad Kollecində özbaşınalıq hökm sürürDirektor Rizvan Qəmbərov təhsil ocağını başqa üsullarla idarə edir

Kurs işləri və təcrübə sənədlərinin mövzusu niyə hər il təkrarlanır?

Bu gün paytaxtda, həmçinin regionlarda fəaliyyət göstərən elə təhsil müəssisələri var ki, onlar müasir standartlara cavab verəməməklə yanaşı, bir sıra qanunsuzluqlara, özbaşınalıq və neqativ hallara yol verirlər. Bölgələrdə yerləşən orta ixtisas təhsili müəssisələrinin bir çoxunda müxtəlif səpkili problemlər nəzərə çarpmaqdadır. Bu barədə dəfələrlə tənqidi yazılar dərc etmişik. İnsaf naminə qeyd etmək lazımdır ki, Mikayıl Cabbarovun nazir vəzifəsinə təyin edilməsindən sonra kolleclərdə təhsilin səviyyəsi əvvəlki illərə nisbətən bir qədər yüksəlib. Lakin bəzi kolleclərdə köhnə problemlər hələ də qalır. Həmin təhsil ocaqlarından biri də Tovuz Dövlət Sosial-İqtisad Kollecidir. Məlumat üçün bildirək ki, kollec Üzümçülük və Şərabçılıq Komitəsinin nəzdində “Mirbəşir Qasımov adına sovxoz-texnikum” kimi fəaliyyətə başlayıb. Həmin dövrdə əyani və qiyabi təhsil forması olmaqla cəmi 3 ixtisas üzrə mütəxəssis hazırlığı aparılıb. 1991-ci ildə sovxoz-texnikum həmin sovxozdan ayrılaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib, müstəqil Kənd Təsərrüfatı Texnikumu kimi fəaliyyət göstərib. Həmin dövrdə daha 2 ixtisas qrupu da əlavə olunub. 2001-ci ildə texnikum Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindən alınıb Təhsil Nazirliyinin tabeliyinə verilib. Beləliklə, 2006-cı il 26 avqust tarixdə Nazirlər Kabinetinin 140 saylı qərarı ilə Tovuz Dövlət Sosial-İqtisad Kolleci kimi fəaliyyətini davam etdirib. Hazırda kollecdə texnologiya müəllimliyi, mühasibat uçotu, vergi və vergitutma, yol hərəkətinin təşkili, aqronomluq və yerquruluşu torpaq müfəttişliyi ixtisasları üzrə tədris aparılır. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlarda Tovuz Dövlət Sosial-İqtisad Kollecində tədrisin keyfiyyətinin aşağı səviyyədə olduğu, direktor Rizvan Qəmbərovun vəzifəsinə səhlənkar yanaşdığı bildirilir: «Nəzərinizə çatdırmaq istəyirəm ki, təhsil ocağı bir müddət əvvəl büdcə vəsaiti hesabına əsaslı şəkildə təmir edilib. Burda tələbələrin keyfiyyətli təhsil alması üçün hər cür şərait yaradılıb. Amma buna baxmayaraq, kollecin direktoru Rizvan Qəmbərov işinin öhdəsindən lazımi səviyyədə gələ bilmir. Onu təhsil yox, başqa məsələlər maraqlandırır. Rizvan müəllimdən qabaq təhsil müəssisəsinə Tanrıverdi müəllim və Talib Süleymanov rəhbərlik edib. Bu şəxslərin idarəçiliyi qənaətbəxş olmayıb. Məhz bu səbəbdən nazirin əmri ilə kollecə Rizvan Qəmbərov direktor təyin edildi. Təəssüf ki, onun kollecə gəlişi heç nəyi dəyişmədi. Əksinə direktor təhsil sistemini bir qədər də bərbad vəziyyətə saldı. Məsələn, metodiki vəsait və göstərişlərdən uzaq olan kollecdə təhsilin səviyyəsi olduqca aşağıdır. Tələbələrin dərsə davamiyyəti normal deyil. Kimin ürəyi nə vaxt istəyirsə o vaxt dərsə gəlir. Semestr ərzində kollecə üst-üstə heç iki həftə davamiyyətli şəkildə gəlməyən tələbələr imtahanlarda uğurlu nəticə əldə edirlər. Təbii ki, burda başqa üsullardan istifadə olunur. Tovuz Dövlət Sosial-İqtisad Kollecində tələbələrə biliyinə görə yox, «hazırlığına» görə qiymət verilir. Müəllimlərin və ixtisas rəhbərlərinin «tələb»lərini yerinə yetirmək mütləqdir. Direktor bütün müəllimlərə tapşırıb ki, heç bir tələbəyə güzəştə getməsinlər. Yəni hamı bir nəfər kimi imtahan sessiyasında müəllimləri görməlidir. Hazırda qış imtahan sessiyası davam edir. Tələbələr sessiyanı çətin keçirirlər. Çünki keçən illərlə müqayisədə builki qış imtahanlarında qiymətlərdə bəzi dəyişikliklər edilib. Öz savadı hesabına qiymət almaq istəyən tələbələr buna nail ola bilmirlər. Ona görə ki, müəllimlər həmin tələbələri elə formada sıxışdırırlar ki, sonda onlar da digərləri kimi əllərini ciblərinə salmalı olurlar. Bundan başqa, qrup jurnalları və qrup rəhbərinə məxsus jurnallar qaralamalarla işlənməklə qiymət sarıdan qanunsuzluğa şərait yaradılır. Müəllimlərin mövzu-təqvim planı tədris hissə müdiri tərəfindən imza atılmadan sinfə aparılıb-gətirilir. Bəzi tələbələr imtahan zamanı biletlərdəki suallara ağıllarına gələn, mövzuya aid olmayan cavabı yazırlar. Buna rəğmən, müəllimlər onların «biliyini» yüksək qiymətləndirir. Aydın məsələdir nəyə görə». Mənbə həmçinin vurğulayır ki, sözügedən təhsil müəssisəsində kurs işləri və təcrübə sənədləri əməlli-başlı alver predmetinə çevrilib: «Həmin sənədlər hər il təkrarlanır. Halbuki, kurs işlərinin və təcrübə sənədlərinin mövzuları ilbəil dəyişməlidir. Bu günə kimi qrup jurnalında nöqsanlara yol verən heç bir müəllimə irad tutulmayıb. Bu da məsul şəxslərin savad dərəcəsinin aşağı olmasından irəli gəlir. Kollecdə əmək intizamı hədsiz dərəcədə zəifdir. Sonuncu dəfə pedaqoji şuranın nə vaxt keçirildiyi məlum deyil. Rizvan Qəmbərov həftənin çox hissəsini ya Bakıda, ya başqa yerlərdə olur. Onun işlərini isə müavini Dəmir Hüseynov aparır». Qeyd olunan məsələlərə aydınlıq gətirmək üçün Rizvan Qəmbərova zəng vursaq da, dəstəyi qaldırmadı. Buna rəğmən, onun da fikirlərini işıqlandırmağa hazırıq. Ümid edirik ki, Təhsil Nazirliyinin nümayəndələri yazdığımız faktları araşdırıb kollec direktorunun barəsində müvafiq ölçü götürəcəklər. Gundelik-Baku