BolgeXeber.Com » Xəbərlər » Ekspert: “Siqaret qadağa”sı dava-dalaşlara səbəb olacaq

Ekspert: “Siqaret qadağa”sı dava-dalaşlara səbəb olacaq

15-04-2017, 11:43
Oxunub: 2 947 Ekspert: “Siqaret qadağa”sı dava-dalaşlara səbəb olacaq“Azərbaycanda siqaret çəkilməsinə qadağanın qoyulması bəzi ictimai yerlərdə (restoran, kinoteatr və s.) müştərilərin sayının azalmasına səbəb olacaq”

Bu sözləri Oxu.Az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov parlametdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin qəbul edilməsi məsələsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Azərbaycan cəmiyyəti hələ bu qanunun qəbul edilməsinə hazır deyil:

“Əgər restoranlarda kimsə müştərinin qolundan tutub desə ki, “çıx siqareti çöldə çək” bu dava-dalaşlara, əlavə baş ağrılarına gətirib çıxaracaq və nəticədə müştərilərin sayı azalacaq”.

E.Hüseynov təklif edib ki, bu məsələdən çıxış yolu kimi yaxşı olardı ki, həmin yerlərdə ayrıca zallar təşkil edilsin.

Birliyin sədri qeyd edib ki, bu gün parlamentdə qanun qəbul edilən zaman cərimənin məbləğinin nə qədər olması məsələsinə toxunulmayıb.

Qeyd edək ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinə əsasən, səhiyyə, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbirlər keçirilən zallarda, ticarət, məişət və sosial xidmət obyektlərində, hava və dəniz (çay) limanlarının inzibati binalarında siqaretin çəkilməsinə icazə verilməyəcək.

Bundan başqa, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusun dayanacaq məntəqələrində, beynəlxalq və ölkədaxili sərnişin daşınmasında, sərnişindaşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, çoxmənzilli binaların liftlərində və ümumi istifadə otaqlarında, uşaq meydançalarında, çimərlik əraziləri hüdudlarında və digər yerlərdə siqaretin çəkilməsi qadağa olunacaq.

Eləcə də, təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində, səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələrində, onların ərazilərində, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda, iş yerlərində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, restoranlar, kafelər, barlar daxil olmaqla ictimai iaşə obyektlərində (açıq məkanlar isitisna olmaqla), ticarət və məişət obyektlərində, sosial xidmət müəssisələrində, mehmanxanalarda, teatr və kinoteatrlarda, sərgilərdə, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində tütündən istifadə qadağan ediləcək.

Eyni zamanda, yerüstü və yeraltı piyada keçidlərində, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda və taksilərdə, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda da bu qadağa keçərli olacaq.