BolgeXeber.Com » Bölgə » 3 rayonda korrupsiya yoxlaması başladı

3 rayonda korrupsiya yoxlaması başladı

20-07-2012, 13:50
Oxunub: 4 245 Antikorrupsiya prosesində yeni dalğa: icra strukturlari hədəfdə


DİA.AZ-a daxil olan məlumatlara görə, bu dəfə korrupsiya yoxlamalarının sırası Gəncəbasar bölgəsinə çatıb. Bu barədə hökumət içindəki mötəbər mənbələrdən aldığımız bilgilərdə qeyd olunur ki, artıq üç rayonda - Qazax, Tovuz və Gədəbəy rayonlarında yoxlamaların aparılması üçün hazırlıq görülür.

Əsasən, xalqı narazı salan strukturların yoxlanılacağını bildirən mənbə DİA.AZ-a bildirib ki, bir müddət əvvəl əgər icra hakimiyyətlərinin etik normalara riayət etməsi məsələsi təftiş olunurdusa, bu dəfə konkret olaraq korrupsiya faktlarının araşdırılması nəzərdə tutulur.

«Yerli vergilər, maliyyə, sosial müdafiə idarələri əsas olaraq yoxlanılacaq» deyən mənbəmiz onu da vurğuladı ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə sözügedən bölgə ilə bağlı ciddi siqnallar daxil olub.

Məsələ ilə bağlı məlumat verən bir başqa mənbələr isə Qırmızıkörpü sərhəd-keçid məntəqəsində artıq yoxlamaların başlanıldığını söyləməklə yanaşı, onu da bildiriblər ki, Azərbaycanı Gürcüstan, Türkiyə və Qara dənizlə bağlayan bu məntəqə ilə bağlı da ciddi faktlar var.

Onu da xatırladaq ki, buna qədər də ayrı-ayrı rayonların icra hakimiyyətləri təftişə uğramışdı. Keçən il aparılan yoxlamalar nəticəsində yalnız icra hakimiyyətlərinin əhali ilə təmasda etik qaydalara riayət edib-etməmələri və bunun səviyyəsi müəyyən olundu. Əslində bununla elə bir təəssürat yaranırdı ki, hakimiyyət xalqı əldə salır. Çünki narazı camaat yaşadığı ərazinin icra başçısının və yaxud da hansısa əməkdaşının cəzalandırılacağını gözlədiyi halda, hakimiyyətin müfəttişləri yalnız icra strukturlarında çalışanların hansı dərəcədə etik normalara riayət etdiklərini araşdırmaqla yetinmişdi.

Amma Quba olayları da göstərdi ki, bunlar yetərli deyilmiş.

İndi isə məsələnin fərqli olduğu bildirilir və bu dəfəki yoxlamaların artıq konkret cəza tədbirləri ilə müşayiət olunacağı da söylənilir.