BolgeXeber.Com » Bölgə » İcra başçisi yerli məmurlari şantaj edir

İcra başçisi yerli məmurlari şantaj edir

1-08-2012, 17:50
Oxunub: 4 728 Vilyam Hacıyev imişlidə hər kəsi həbs etdirməklə təhdid edir

Məlum olduğu kimi, bir neçə gün əvvəl Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru, deputat Əsabil Qasımovun doğma xalası oğlu Nazim Xəlilov başda olmaqla, mərkəzin 3 əməkdaşını həbs edib.

Məlumatda bildirilirdi ki, direktor Nazim Xəlilovun saxlanılmasının səbəbi mərkəzdə iri məbləğdə mənimsəmələr və digər korrupsiya əməlləri səbəb olub. Onu da bildirək ki, bu həbslərlə bağlı redaksiyamıza əlavə məlumatlar daxil olub.

Bu barədə məlumatı verən mənbə iddia edir ki, Əsabil Qasımov qohumunun azadlığı və hədəfdən yayınması üçün əməlli-başlı xərcə düşüb. Amma bütün bunlar məsələnin heç də hamısı deyil. İmişlidəki bilgili qaynaqların ötürdüklərindən belə aydın olur ki, rayonda həbslər bundan sonra da davam edəcək, amma bu dəfə digər strukturların rəhbərləri də hədəfə alına bilər.

Mənbəmiz bu zaman maraqlı bir faktı da açıqladı: «Əslində bu işdə İmişlinin yeni icra başçısı Vilyam Hacıyevin müstəsna «xidmətləri» var. İmişli elə bir rayondur ki, bu rayonda çox ciddi məmurların qohumları, tanınmış simaların yaxın adamları ayrı-ayrı vəzifələri tutublar. Və onlarla bacara bilməyən Vilyam Hacıyevin əlinə yeni fürsət düşüb. Kim ki, könüllü şəkildə onun bayrağının altından keçmirsə, həmin məmuru həbs ediləcəyilə bağlı şantaj edir».

Mənbəmiz onu da bildirdi ki, artıq bir neçə yerli məmur anoloji şəkildə icra başçısının adamları tərəfindən təhdid olunub: «Onlara ismarıc yollanılıb ki, kiməsə güvənməsinlər, Vilyam Hacıyevin dedikləri olmalıdır. Əks halda, onlarla bağlı faktlar prokurorluğa ötürüləcək»./Dia.az/