BolgeXeber.Com » Sosial » Prezident deputat oğlunun tutuqlanmasına razılıq verəcəkmi?

Prezident deputat oğlunun tutuqlanmasına razılıq verəcəkmi?

17-05-2014, 11:30
Oxunub: 3 591 Aynar Məmmədovun Fərahim İlqaroğluna qarşı təşkil etdiyi sui-qəsdin 22 günü geridə qaldı, müxbirimizin işi Milli Məclisdə qaldırılacaq. Məmmədovlar Tural Bayramovu gizlətməklə işi bağlamaq istəyirlər...


“Yeni Müsavat”ın əməkdaşı Fərahim İlqaroğluna sui-qəsd edilməsindən 22 gün ötdü. Bu müddət ərzində jurnalisti döyən Feyruz Termişi adlı şəxsdən başqa bu hadisədə rolu olan digər şəxslər hələ saxlanmayıb. Hətta mayın 16-da Daxili İşlər Nazirliyində jurnalist və vəkili Elçin Sadıqov üzləşdirmə protokolu ilə tanışlıq zamanı saxtakarlıq faktının şahidi olublar.

Aydın olub ki, işi ilkin araşdıran Nizami Rayon Polis İdarəsində Termişinin sifarişi kimdən aldığını etiraf etməsi protokolda rəsmiləşdirilməyib. Yəni sifarişçi olan Kikboksinq Federasiyasının idmançısı Tural Bayramovun adı protokolda qeyd edilməyib.
Bunun səbəbləri barədə geniş şərh vermişik. Kor-kor, gör-gör, T.Bayramovu cidd-cəhdlə qoruyub, həbs təhlükəsindən sığortalamaq istəyirlər. Artıq heç bir şübhə qalmır ki, idmançını himayə edən də məhz deputat Elton Məmmədov və oğlu Aynardır.
Aynar Məmmədov müxbirimizə qarşı sui-qəsdin əsl sifarişçisi kimi təsdiqlənir. Elton Məmmədovun isə F.Termişi saxlanan gün T.Bayramov barəsində emosional şəkildə “tanımırıq, tanımırıq, tanımırıq” deməsindən əlavə bir açıqlaması olmayıb.

Bu işin ört-basdır edilməsi üçün Məmmədovlar T.Bayramovu qoruyur, istintaqa təzyiq edir, hətta Termişinin ifadəsini dəyişdirməyə nail olmağa can atırlar. F.İlqaroğlu özü də bildirir ki, Elton Məmmədov tərəfindən istintaqa güclü təzyiq olub. Amma jurnalist işin DİN-ə verilməsindən sonra inanır ki, məsələ öz müsbət həllini tapacaq, ədalətli iş aparılacaq.

Aydın məsələdir ki, Bayramovun həbsi maliyyə və siyasi resursları olan hakimiyyətdəki güclü qrupun - Məmmədovların sıradan çıxarılması ilə nəticələnə bilər. Çünki Bayramovun istintaqa bir sözlük ifadəsi Aynar Məmmədovun həbsinə gətirib çıxarar. Deputat oğlunun həbsi isə bu ailənin hakimiyyətdən silinib atılmasının başlanğıcı və sonu deməkdir.
Yada salaq ki, “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu da Aynar Məmmədovun hansı halda həbs edilə biləcəyini açıqlamışdı. Baş redaktor qeyd etmişdi ki, artıq bu işin sifarişçisinin deputat Elton Məmmədovun övladının olduğu faktdır, onun əməli sübut olunsa, tutacaqlar. Amma bu gəncin həbsinin reallaşması üçün ən yuxarı eşelonda siyasi qərar verilməlidir.

O zaman gərək Ziya Məmmədovu da istefaya yollasınlar, Elton Məmmədov da deputatlıqdan getsin. Ya da gərək onlar Aynar Məmmədovdan imtina etsinlər...
İndi hamının diqqəti bir nöqtəyə yönəlib, görəsən, prezident deputat oğlunun həbsinə razılıq verəcəkmi? Bu sualın cavabı isə sifarişçi T.Bayramovun həbsindən asılıdır.
F.İlqaroğlu deyir ki, 8 gün sonra ona qarşı sui-qəsdin bir ayı tamam olacaq: “Amma geridə qalan vaxt ərzində Feyruz Termişidən başqa heç kimi tutmayıblar. Feyruz sifarişi kimdən aldığını etiraf edib. Amma Elton Məmmədov istintaqa təzyiq etməklə Turalın adının protokolda rəsmiləşdirilməsinə imkan vermir, işin bağlanması üçün səfərbər olub. Üstəlik, məni döyərkən Feyruzla bir yerdə olan digər adam da tutulmayıb. Bu adamların azadlıqda gəzməsi həm həyatıma real təhlükənin olduğunu deməyə əsas verir, həm də hadisənin Məmmədovlar tərəfindən təşkil olunmasına zərrə qədər şübhə yeri qoymur”.
Mövzu ilə bağlı fikir aldığımız deputat Fazil Mustafa jurnalistə sui-qəsdin Milli Məclisdə qaldırılacağını açıqladı. F.Mustafa “Yeni Müsavat”a dedi ki, parlamentin sonuncu iclasında F.İlqaroğlunun döyülməsi işini qaldırmaq fikri var idi: “Sadəcə, bu iclasda çıxışlar olmadı. Büdcə məsələsi , digər gündəlik məsələlərə yer ayrıldı, qısa bir iclas oldu. Ona görə də Fərahimin işini qaldırmaq mümkün olmadı. Amma növbəti iclasda jurnalistin döyülməsi məsələsini qaldıracam, burda heç bir problem yoxdur. Bununla belə, ümid edirik ki, növbəti iclasa qədər bu məsələ həllini tapacaq və Milli Məclisdə müzakirəsinə ehtiyac qalmayacaq”.

Deputat onu da bildirdi ki, hüquq-mühafizə orqanları işi araşdırır: “Bu, biabırçı haldır ki, problemin həlli üçün jurnalistə zorakılıq tətbiq olunur. Jurnalistin döyülməsi azad mətbuatın sıxışdırılmasına xidmət edir. Bu, yolverilməz haldır. Ancaq paralel olaraq işin tam açılmasına qədər məsələnin gündəmdə saxlanması lazımdır. Biz də gedişatı izləyirik, jurnalistin yanındayıq, parlamentdə də məsələ qaldırılacaq”.



bolgexeber.com