BolgeXeber.Com » Sosial » Ağsu 100 volt cərəyanın ümidinə qalıb-Şikayət

Ağsu 100 volt cərəyanın ümidinə qalıb-Şikayət

10-07-2014, 15:00
Oxunub: 3 962 İşıq üzünə həsrət qalan Ağsu sakinləri ölkə Prezidentindən kömək istəyir.

Bolgexeber.com bildirir ki,axar.az-a məktubla müraciət edən Ağsu sakinləri elektrik enerjisi sarıdan yaşadıqları problemdən cana doyduqlarını deyirlər.

Şikayət və müraciətlərinə baxılmadığı üçün çarəni ölkə Prezidentinə müraciət etməkdə görən sakinlər kömək gözləyir.

Sakinlər qeyd edir ki, Ağsunun enerji sahəsindəki vəziyyəti bərbaddır:

“Kəndlərdə elektrik dirəkləri yox səviyyəsindədir. Burada dirəkləri naqillər saxlayır. Yüngül külək əsən kimi enerji verilməsində problemlər yaranır. Hələ yay fəslidir, amma demək olar ki, hər gün işıqlar sönür”.
Şikayətçilərin diqqət çəkmək istədikləri əsas məqam isə transformator çatışmazlığı ilə bağlıdır. “Ağsu şəhər-2” xəttindən istifadə edən abonentlər və obyekt sahibləri bildirirlər ki, xeyli müddətdir enerji qıtlığı yaşayırlar:
“Bizim xəttin üzərində 400-ə yaxın abonent və 70-ə qədər obyekt var. İaşə və avtomobil sexlərindən ibarət olan bu obyektlərin əksəriyyəti 3 faza ilə işləyir. Daha doğrusu, işləyə bilmir. Çünki 100 voltdan artıq cərəyan yoxdur xətdə. Heç bir elektrik cihazından istifadə etmək olmur - nə evdə, nə də obyektlərdə! Səbəbi də məlumdur: 400 kvt-lıq transformatorun əvəzində istifadəmizdə 160 kvt-lıq transformator var. Hazırda transformatorla sonuncu abenentin mənzili arasındakı məsafə 2 kilometr olar ki, bu da cərəyanın yolda itməsinə səbəb olur”.

Ağsu sakinləri bildirirlər ki, bu barədə dəfələrlə Ağsu EŞ-ə müraciət ediblər, lakin onlar transformator olmadığını deyirlər:

“Deyirlər ki, Kürdəmirdəki və Şirvandakı transformator sexləri bağlanıb, təmir üçün indi transformatorları Sumqayıta aparırlar. Orda bir neçə transformator var ki, 6 aydan çoxdur təmirə göndərilib, hələ də xəbər yoxdur. Ağsu da qalıb ehtiyat transformatorsuz”.

Sakinlər bütün bu deyilənlərdən təngə gələrək problemi özləri həll etməyə çalışıblar:

“İyirmidən çox obyekt sahibi yığılıb 4 min manata 160 kvt-lıq transformator aldıq. Və yenidən Ağsu EŞ-ə müraciət etdik ki, tranformatorun quraşdırılmasını təmin etsinlər və xəttin üzərinə düşən yük paylaşdırılsın. Transformatorun yerini də rahatladıq, bircə qaldı düz yanından keçən xəttə qoşulması. Ancaq bu dəfə Ağsu EŞ-dən cavab verdilər ki, Qəbələ REŞ-ə tabe olduqlarından, onlar bu məsələyə birbaşa qərar verə bilməzlər”.

Çarəsiz qalan sakinlər yuxarı təşkilatlara, dövlət orqanlarına – Prezident Administrasiyasına, “Azərenerji” ASC-yə də müraciət ünvanlayıblar:

“Azənerji” ASC-dən Qəbələ REŞ-ə məktub daxil olub ki, transformatorun quraşdırılması təmin olunsun, amma “3 yağ açarı qiymətləndirilməsilə”. Enerji sahəsində çalışanlar bilir ki, bir yağ açarı 3 min manat deməkdir. Yəni sözügedən transformatorun quraşdırılması üçün “Azərenerji”yə 9 min manat vəsait ödəməliyik”.

Ağsu sakinlərinin son ümidi problemin mətbuatda işıqlandırılmasıdır. Şikayətçilər Etibar Priverdiyevə də səslənir: “Bizə işıq verin!”
Bolgexeber.com