BolgeXeber.Com » Analitika » Pakistan və Azərbaycan iki qardaş xalqdır

Pakistan və Azərbaycan iki qardaş xalqdır

20-06-2023, 09:26
Oxunub: 7 592

Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir.

Azərbaycanla Pakistanı keçmişdən bu günə bağlayan tarixi, mədəni, mənəvi, etnik və siyasi köklər var. Müxtəlif coğrafiyalarda olmasına baxmayaraq Azərbaycan çətin vaxtlarda Pakistanın yanında olub. Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkərdən biri də məhz Pakistan olub. Pakistan işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da güclü dəstək göstərib. Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir. Bu məhz işğal səbəbindən baş verib. Bu isə qardaş ölkə mövqeyidir.

Azərbaycan 30 il ərzində Ermənistanla danışıqlarda iştirak edirdi və bu danışıqlar heç bir nəticə vermədi. Yalnız hərbi gücümüz və Azərbaycan Ordusunun əzmi ərazi bütövlüyümüzü bərpa etdi. Bu, danışıqlar və ya hər hansı bir vasitəçilik hesabına baş vermədi. Ərazi bütövlüyümüzü bərpa etdik, torpaqlarımızı 3 min övladımızı şəhid verərək döyüş vasitəsilə aldıq.

Azərbaycan-Pakistan arasında bütün sahələrdə əməkdaşlıq istiqamətində güclü canlanma var.

Artıq Azərbaycandan bir neçə nümayəndə heyəti Pakistana səfər edəcəkdir. Biri ticarət və sərmayə məsələsi, növbəti nümayəndə heyəti enerji məsələsi ilə məşğul olacaq, üçüncüsü isə müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirəcəkdir. Enerji sahəsində böyük perspektivlar var. Şəhərlər arası uçuşların sayı eyni zamanda birgə ticarətin həcmi artacaqdır. Bu istiqamətdə anlaşma memorandumu imzalanacaq və məhsulların siyahısı üzərində işlər aparılacaqdır.

Təhsil sahəsində əməkdaşlığın böyük potensialı var. Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır və bu prosesin necə sürətlə getdiyinə baxsaq görərik ki, ötən il sadəcə 100 tələbə təhsil alırdı. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar da var. Bu gün onlar müxtəlif sahələrdə təhsil alaraq, qayıdıb ölkəmizə töhfələrini verirlər.

Müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri genişlənməlidir. Birgə hərbi təlimlərin sayının artılmasına ehtiyac var. Çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır.

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif: "Əməkdaşlıq əlaqələrimizdə qarşılıqlı anlaşma hökm sürür, istər ikitərəfli, istər çox tərəfli məsələlərdə mövqelərimiz üst-üstə düşür. Pakistan və Azərbaycan iki qardaş xalqdır. Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət va ehtiram üzərində qurulub" -deyə bildirmişdir.

İnanırıq ki, bu dostluq, qardaşılıq əlaqələrimiz günü-gündən daha da möhkəm bağlara söykənəcəkdir.

Ülkər Mehdizadə - Bərdə Tarix diyarşünaslıq muzeyinin şöbə müdiri