BolgeXeber.Com » Analitika » Xalqın ürəyinin səsi

Xalqın ürəyinin səsi

26-06-2023, 09:53
Oxunub: 7 856

Ümummilli Lider: Heydər Əliyev

Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü xalqımız üçün çox əzizdir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa-dayaq olan bir insan - Heydər Əliyevdir.

Bildiyimiz kimi, 1991-1993-cü illər ölkəmizin tarixində hərc-mərclik, özbaşınalıq dövrü kimi xatırlanır. Gündən–günə gərginləşən siyasi vəziyyət, getdikcə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Hər kəs əmin idi ki, ölkəmizi bu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyev idi. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi.

Beləliklə, xalqımız çətin günlərdə Ulu Öndərimizi köməyə çağırdı və onun ətrafında sıx birləşməklə öz gələcək taleyini həll etdi.

1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. İyunun 15-də isə Ümummilli Lider Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Liderimiz ölkədə vətəndaş həmrəyliyini son dərəcə vacib sayırdı.

Bu qayıdış Azərbaycanın müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bugününü özünə qaytardı. Heydər Əliyevin Ali Sovetin sədri kimi 1993-cü il 24 iyunda Prezident səlahiyyətlərini icra etməyə başlaması isə ayrıca bir tarix idi !

Qarşıda duran ən mühüm məsələ müstəqilliyi qoruyub saxlamaq idi. Bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.

Bütün həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub.

Beləliklə, Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçildi.

Ümummilli Lider Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra gənclərlə bağlı məsələləri həyata keçirdiyi siyasətin əsas tərkib hissələrindən biri hesab etmişdir. Dövlət gənclər siyasəti gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, vətənpərvər yetişdirilməsinə, zəngin elmi potensialın yaradılmasına xidmət etmişdi.

Xüsusilə qeyd etmək istəyirəm ki, Ümumilli Liderimiz Heydər Əliyevin qaçqın və məcburi köçkün gənclərə qayğısı onun bütün ölkə vətəndaşları qarşısında əvəzolunmaz xidmətlərinin göstəricisidir.

Dahi şəxsiyyət Heydər Əliyevin gənclərə göstərdiyi etimad artıq bu gün öz təsdiqini tapmaqdadır.

Böyük fərəh hissi ilə deyə bilərik ki, bu gün də dövlətimiz gənclərə xüsusi diqqət və qayğı göstərir. Cənab Prezidentimiz İlham Əliyev bütün sahələrdə olduğu kimi, gənclər siyasəti sahəsində də Ulu Öndərimizin siyasi kursunu layiqincə davam etdirir. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir:
“Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.

Bəli, 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm ön, həm arxa cəbhədə yüksək vətənpərvərlik hisslərini nümayiş etdirdilər.

Ali Baş Komandanımız İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz, idmançılarımız böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, xalqımızın torpaq həsrətinə son qoyaraq, üçrəngli bayrağımızı doğma Qarabağımızda dalğalandırdılar.

Dövlət Gənclər siyasətinin banisi, Ümumilli Lider Heydər Əliyevin əziz xatirəsi daim qəlblərdə yaşayacaq !

Fidan Nəsirli - Bərdə rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi