BolgeXeber.Com » Analitika » Azərbaycan və Çin arasındakı dostluq münasibətləri

Azərbaycan və Çin arasındakı dostluq münasibətləri

26-07-2023, 17:11
Oxunub: 10 240


Azərbaycan və Çin arasındakı dostluq münasibətləri

Müasir Azərbaycan tarixinin bütöv bir epoxası, önəmli bir mərhələsi ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf yolundadır, həyatımızın bütün sahələrində yüksəliş, tərəqqi var. İqtisadi artım tempinə görə respublikamız son illər bütün dünyada lider mövqeyə yüksəlib. Bu gün ölkəmizdə davam edən geniş quruculuq işləri Heydər Əliyev zəkasının bəhrəsidir. Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş ulu öndərimiz xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir.

Bütün varlığı ilə Vətənə və xalqa candan bağlı olan böyük şəxsiyyət və dövlət xadimi Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir. Azərbaycanın bugünkü sürətli və irimiqyaslı inkişafının təməlini Heydər Əliyev yaradıb. Biz bu gün onun yaratdığı fundamental təməl üzərində ucalır, dünyanın inkişaf etmiş ölkələri sırasına çıxırıq. Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində ulu öndər Heydər Əliyev ölkəmizin milli maraqlarını və təhlükəsizliyini nəzərə alaraq dünyanın böyük güc mərkəzləri ilə balanslaşdırılmış siyasətə üstünlük verdi. Belə güc mərkəzləri kimi həmin dövrdə ABŞ, Avropa İttifaqı, Rusiya Federasiyası və Çin çıxış edirdi. Bu ölkələrin bəzilərinin BMT Təhlükəsizlik Şurasının üzvü olması faktını nəzərə alaraq, Heydər Əliyev həmin ölkələrlə daha yaxşı əlaqələrin qurulmasına çalışırdı. Azərbaycan dünyanın bütün ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq yaratmaq prinsiplərini prioritet hesab edən dövlət kimi Çinlə də bütün istiqamətlərdə sıx əlaqələr qurmağa böyük önəm verir. Tarixi qədim İpək Yolu dövrünə gedib çıxan Azərbaycan-Çin münasibətləri ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra yeni mərhələyə qədəm qoyub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il aprelin 2-də qurulsa da, müasir dövrdə Azərbaycan-Çin münasibətlərinin inkişafında görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna rolu olub. Ulu Öndərin 1994-cü ildə Çinə rəsmi səfərini müasir dövrdə iki ölkə arasında münasibətlərin təməli hesab etmək olar.

Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də BMT Təhlükəsizlik Şurasının daimi üzvü, iqtisadiyyatın həcminə görə dünyada ikinci dövlət olan Çin ilə münasibətlərin inkişafını daim diqqət mərkəzində saxlayır. Bu da təsadüfi deyil, çünki Çin beynəlxalq münasibətlər sistemində xüsusi rola malikdir. Çinin həm siyasi iradəsi, həm də iqtisadi potensialı ilə yeni dünya düzənindəki rolunun getdikcə artacağı şübhəsizdir. Bundan başqa, beynəlxalq arenada birqütblülüyə qarşı çıxan əsas qüvvələrdən biri olması, “Bir kəmər və bir yol” strategiyası da daxil olmaqla regional və beynəlxalq əməkdaşlıq üçün irimiqyaslı təşəbbüslər irəli sürməsi, dünyada sülhün və sabitliyin qorunmasına, bəşəriyyət üçün ortaq gələcəyin qurulmasına yönələn fəaliyyəti Çinin beynəlxalq münasibətlər sistemində nüfuzunu getdikcə artırır. Preziden İlham Əliyevin Çinin “China Media Group” media korporasiyasına müsahibəsində dediyi kimi dünyada Çinin dostlarının sayı ildən ilə artır. Burada bir məqamı da xüsusi qeyd etmək yerinə düşər. Çinin hazırki iqtisadi inkişaf tempi, müasir texnologiyalar istehsalındakı nailiyyətləri olmasaydı, yəqin ki, Qərb dünyada yüksək texnologiyalar sahəsində monopoliya təmin edərdi. Bu da öz növbəsində, digər ölkələrin müasir texnologiyalara çıxışını məhdudlaşdırmış olardı. Bundan başqa, COVID-19 virusu ilə mübarizədə tələbatdan dəfələrlə çox peyvənd ehtiyatı yığaraq, ehtiyacı olan ölkələrin vaksinlə təminatına çətinliklər yaradan Qərb dövlətlərindən fərqli olaraq, Çin “vaksin millətçiliyi”nə qarşı çıxaraq, öz əhalisinin vaksinasiyası ilə yanaşı, xarici ölkələrə də peyvənd tədarük edirdi. Çin Azərbaycanın da müraciətinə dar günün dostu kimi operativ reaksiya verərək, ölkəmizin vaksinlə təminatında böyük rol oynayıb. Bütün bu məqamlar Azərbaycanın Çin ilə münasibətlərinin inkişafına böyük əhəmiyyət verməsini təsdiqləyən amillərdir.

Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanınması, ölkəmizdəki siyasi sabitlik, iqtisadi potensial, investisiya imkanları, əlverişli coğrafi mövqe, nəqliyyat-logistika imkanları Azərbaycanı Çin üçün cəlbedici ölkə edir. Prezident İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində iki ölkə arasında əməkdaşlıq üçün çox möhkəm platformanın qurulduğunu qeyd edərək, siyasi münasibətlərin Azərbaycan ilə Çinin yaxşı tərəfdaş və etibarlı dostlar olduğunu nümayiş etdirməsi barədə fikirləri iki ölkə arasında münasibətləri xarakterizə etmək üçün ən yaxşı istinaddır. Çinin “Bir kəmər və bir yol” təşəbbüsü həm ikitərəfli iqtisadi-ticari münasibətlərdə yeni imkanlar yaradıb, həm də Çin-Avropa ticarət əlaqələrində Azərbaycanın rolunu daha da önə çıxarıb. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan nəqliyyat-logistika sahəsində yaratdığı infrastruktur potensialı ilə artıq mühüm əhəmiyyət kəsb edən işləri yerinə yetirib.

İki ölkə arasında münasibətlərin inkişafında dövlət başçıları İlham Əliyev və Si Cinpin arasında dostluq əlaqələrini, sıx dialoqu, qarşılıqlı hörmət və etimadı mütləq qeyd etməliyik. Rəsmi Pekinin Cənubi Qafqazın lider dövləti olan Azərbaycan ilə siyasi, iqtisadi, mədəni əlaqələrə necə böyük önəm verdiyi Çin Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyev ilə vaxtaşırı keçirilən görüşlərində, ona ünvanlandığı məktublarında qeyd etdiyi fikirlərdə də əksini tapıb. Həmin fikirlərin ana xəttini Si Cinpinin Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verməsi, dostluq və əməkdaşlıq münasibətlərinin davamlı, uzunmüddətli inkişafı üçün Prezident Əliyevlə birlikdə çalışmağa hazır olmasıdır. Təsadüfi deyil ki, Si Cinpin Prezident İlham Əliyevi Çinin dostu adlandırıb.

Beləliklə, iki ölkənin potensialını nəzərə alaraq deyə bilərik ki, Azərbaycan-Çin münasibətləri inkişaf dinamikasını qarşıdakı illərdə də qoruyub saxlayacaq. Bu dinamikanı təmin edəcək amillər isə həm tarixi dostluq ənənələri, həm dövlət başçılarının ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı yürütdüyü siyasətdir.

Gülnarə Əliyeva

Bərdə rayon Şorəlli kənd tam orta məktəbin direktoru