BolgeXeber.Com » Analitika » Azərbaycanın prinsipial və ədalətli mövqeyi

Azərbaycanın prinsipial və ədalətli mövqeyi

21-08-2023, 09:28
Oxunub: 8 088

Son günlərdə Ermənistan hakimiyyətinin 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasından boyun qaçırdığı müşahidə olunmaqdadır.

Faktiki olaraq sentyabrın 12-13-də baş verənlər 2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədində Tovuz rayonu istiqamətində Ermənistanın növbəti təxribatı nəticəsində baş verən qarşıdurma ilə analogiya təşkil edir. Tovuz döyüşləri zamanı olduğu kimi Azərbaycan növbəti dəfə Ermənistanın hərbi-siyasi təxribatına məruz qalaraq cavab vermək və öz təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı.

Bütün bunlar artıq Vətən müharibəsinin başlanması üçün ilk addımlar, qığılcımlar idi.

Və Ermənistan bilmirdi ki, törətdikləri bu təxribat özlərinin məğlubiyyəti və 30 il əsarətdə saxladığı torpaqlarımızın geri qaytarılması ilə bitəcək.

2020-ci il sentyabrın 27-də başlanan müharibədə bizim qazandığımız uğur təbii ki, Prezident İlham Əliyevin uzaqgörən xarici siyasəti nəticəsində baş tutdu. Hansı ki, bu siyasət uzun illərdir həyata keçirilməkdədir.

Azərbaycan Ordusunun ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməsi, ərazi bütövlüyümüzün bərpa olunması bütövlükdə region xalqları və dövlətləri üçün böyük əhəmiyyətə malikdir. Başqa sözlə, tarixi ədalətin bərpa olunmasından sonra həm Azərbaycanın inkişafı, həm də bölgənin firavan gələcəyi üçün yeni perspektivlər yaranıb.

Bu müharibədə ən əsas əhəmiyyətli addımlardan biri də “Laçın dəhlizinin” yenidən işğaldan azad olunması və nəzarətimizə keçməsi idi. Biz buna da nail olduq.

Ərazi etibarı ilə təbii resurslarla zənginliyi Laçın “koridor”unun əhəmiyyətini daha da artırır. Zəngəzur silsiləsinin bütün zirvə hissəsinin öz başlanğıclarını Laçın dəhlizindən götürdüyünü desək, heç də yanılmarıq. Bu dağ silsiləsi qalın otlaqlı yaylaqlardan, böyük çınqıllıqlardan, yeraltı və yerüstü mədənlərdən, mineral yataqlarından, eləcə də silsilənin ətəkləri isə nadir növlü ağaclara malik enliyarpaqlı meşələrdən və kolluqlardan ibarətdir. Zəngəzur dağ silsiləsinin şimal-şərq və cənub-şərq istiqamətlərində dağlar arasında xeyli sayda böyük şirin su ehtiyatına malik göllər vardır. Təsadüfi deyildir ki, Həkəri, Bərgüşad, Tərtər və Bazarçay çayları öz mənbələrini buradan götürür. Bir çox nağıl və əfsanələrin epizoduna çevrilən Arpaçay çayı isə öz mənbəyini dəniz səviyyəsindən 3000-4000 metr yüksəklikdən çox güman ki, Alagöllərin qrunt sularından alır.

Bu cür əhəmiyyətli bir ərazi neçə illər Erməni işğalı altında olub. Hal-hazırda orada əsaslı təmir işləri aparılır.

Məlum olduğu kimi, son üç il ərzində Ermənistanın Laçın yolundan geniş miqyasda sui-istifadə etməsi halları Azərbaycanın öz sərhədində təhlükəsizlik və asayişi təmin etmək məqsədilə sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis olunması üçün legitim və hüquqi tədbirlər görməsini zəruri edib. Ermənistanın bu səyləri "blokada" kimi təqdim etməyə çalışmasına, nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması barədə qərar qəbul etmək üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməsinə baxmayaraq, məhkəmə 6 iyul tarixli qərarında bu tələbi yekdilliklə rədd edib.

Davam edən 44 günlük Vətən müharibəsinin qalibi Azərbaycan olsa da, iki dövlət arasında qəbul edilən Bəyanatın şərtlərini Ermanistan pozdu və pozmaqda davam edir. Bu gün, Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi istiqamətində göstərilən səylər Ermənistanın məqsədyönlü gərginlik və revanşizm siyasətinin qurbanına çevrilib və ciddi çağırışlarla üzləşir.

Qeyd edək ki, 2022-ci ilin dekabrında ilk uğursuzluğuna baxmayaraq, Ermənistan yenidən BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirməyə cəhd göstərir: “Bununla yanaşı, Ermənistan 30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş dörd qətnaməsinin və Təhlükəsizlik Şurası sədrinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra bəyanatlarına məhəl qoymayan bir ölkədir.

2020-ci ildə baş vermiş müharibədən sonra Azərbaycan Ermənistana iki ölkə tərəfindən bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi əsasında hər iki tərəfin legitim maraqlarına bərabər və qarşılıqlı hörmətə əsaslanan sülh təklif edib. Digər istiqamətdə isə, Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan Konstitusiyasında və Azərbaycanın iştirak etdiyi bütün müvafiq beynəlxalq insan hüquqları mexanizmlərində nəzərdə tutulmuş hüquq və azadlıqlarını təmin etməklə bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiya siyasətini aparır. Eyni zamanda, Azərbaycan bütün bu istiqamətlərə sadiqliyini nümayiş etdirməklə, öz suverenliyini və ərazi bütövlüyünü BMT Nizamnaməsi və beynəlxalq hüququn digər universal sənədləri ilə təmin edilmiş bütün qanuni vasitələrlə müdafiə etmək hüququnu da özündə saxlayır.

Qarşı tərəfin təxribatı və bir sıra lazımsız addımların atması əlbəttə ki, bizi bir xalq kimi ruhdan salmır.

Çünki, biz əsas olaraq prezidentimizin yürütmüş olduğu xarici və daxili syasətə inanırıq.

Prezident İlham Əliyevin müəyyən etdiyi müstəqil xarici siyasət kursu dünyada bir-birinə qarşı duran qütblər tərəfindən də müsbət qiymətləndirilir. Azərbaycanın müxtəlif güc mərkəzlərindən bərabər məsafədə mövqe seçməsi, ikitərəfli münasibətlərdə bərabər hüquq, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qalması, eyni zamanda ikitərəfli əməkdaşlığın heç bir halda üçüncü tərəfi hədəfə almaması reallığı beynəlxalq aləmdə dövlətimizə və onun rəhbərinə olan loyal münasibətin formalaşmasını şərtləndirən əsas amillərdir.

Müharibəni udan Ali Baş Komandanın sülhü qazanacağı da sırf zaman məsələsidir. Bu, aksiomdur. İsbata ehtiyacı yoxdur.

Beləliklə, qələbə bizim ola bilər, ancaq onu qorumaq və dünyaya tanıtmaq hər kəsin görəvidır.

Mədinə İbadova - Bərdə rayon A. Süleymanov adına Şorəlli kənd tam orta məktəbin kimya müəllimi