BolgeXeber.Com » Ölkə » Deputatlar nazirin verdiyi ev heyvanlarından narazıdılar - "...artıq yuxarıdan gedirlər"

Deputatlar nazirin verdiyi ev heyvanlarından narazıdılar - "...artıq yuxarıdan gedirlər"

25-01-2019, 10:44
Oxunub: 2 936 Deputatlar nazirin verdiyi ev heyvanlarından narazıdılar - "...artıq yuxarıdan gedirlər"“Özünəməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən heyvanlarla bağlı narazılıqlar var. Mətbuatda da bu barədə məlumatlar dərc olunur. Sosial şəbəkələrdə də qoca, arıq heyvanların fotolarını görürük. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələ ilə bağlı operativ iş görməlidir”.

Unikal.org-un xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Musa Quliyev deyib.

Deputat qeyd edib ki, nöqsanlar aradan qaldırılmalıdır: “Mən bilmirəm bu nə qədər əsaslıdır və ya obyektivdir. Biz qoca heyvanların da şəklini sosial şəbəkədə görürük. Bunlarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha interaktiv işlər görməlidir. Mətbuata xidmət işini yaxşı görür, amma bu məsələlərə daha operativ cavab verilməlidir. Çünki bu cənab prezidentin gözəl bir layihəsidir. Biz çalışmalıyıq ki, özünəməşğulluqla bağlı parlamentdə dinləmələr təşkil edək və məsələləri birlikdə müzakirə edək”.

Deputat Araz Əlizadə də bu məsələdən narazı olduğunu qeyd edib: ““Bəzən məmurlar prezidentin bütün əməyini yerə vururlar. Həmkarım Musa Quliyev az öncə çıxışında dedi ki, əhaliyə verilən heyvanların qoca olması ilə bağlı şəkillər yayırlar. O, şəkillərin düz olduğunu bilmir. Amma mən deyim ki, bu şəkillər düzdür. Həmin heyvanlar qocadır. Nazirlik düşünmədən qərar qəbul edib və əhaliyə yerli heyvanlar verilib. Əslində, cins heyvanlar verilməlidir ki, onlar sürülərini inkişaf etdirsin. Axı sən bu heyvanları öz cibindən almırsan! Buna büdcədən pul ayrılır. Cavan nazirlərdir, çox gözəl, amma artıq yuxarıdan gedirlər. Deyirlər ki, sənə verilən heyvan xəstədirsə, ver bizi məhkəməyə. Yerli bazara kəsilmək üçün heyvan çıxarırlar. Onların da qiyməti 600-700 manatdır. Amma nəzərdə tutulmuş minlik heyvanlardır. Xəstə heyvanlarla o ailə evini necə dolandırsın? Necə inək vermisiz ? Niyə insandan soruşmurlar ki, bu malın keyfiyyəti nədir? Soruşmurlar ki, bunla qazana biləcəksən, məhsul götürə biləcəksən? Gəlin, cənab prezidentin əməyini yerə vurmayaq. Gəlin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işinə diqqət yetirək. Qanunları qəbul etmişik, onların necə işləməsinə də diqqət edək”.