BolgeXeber.Com » Bölgə » “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib

“Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib

11-12-2023, 17:49
Oxunub: 2 152

Bolgə.TV xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə 18 saylı təbiət, humanitar təmayüllü məktəb-liseyində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Təhsil şöbəsinin nümayəndələri, ŞPŞ-nin əməkdaşları, pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Görüşdə çıxış edən ŞPŞ-nin rəisi , polis polkovniki Fizuli Əhmədov məktəblilərə narkotik vasitələrin zərərlərindən danışıb. O, “ağ ölümün” qurbanına çevrilən gənclərin sağlam həyata qayıtmalarının çox çətin olduğunu bildirərək, bu bəlanın geniş yayılmasının qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən bütün zəruri tədbirlər görüldüyünü, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunduqlarını qeyd edib.

Daha sonra çıxış edən digər məruzəçilər keçirilən tədbirin mahiyyətindən danışaraq şagirdlərə dəyərli tövsiyələr veriblər.

Görüşün sonunda məktəbliləri və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.