BolgeXeber.Com » Analitika » Siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq

Siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq

9-03-2023, 17:31
Oxunub: 4 048

Altıncı çağırış Milli Məclisin ilk iclasında Azərbaycan Prezidenti cənab İlham Əliyev sözün əsl mənasında tarixi çıxış etdi. Bu tarixi çıxışın bir neçə komponenti var. Cənab Prezident həm ölkəmizdə həyata keçirilən siyasət, həm parlamentin işinin necə qurulması, həm də bütövlükdə Azərbayan cəmiyyətinin bundan sonrakı mərhələlərdə inkişafına dair çox mühüm, önəmli fikirlər bildirdi, dəyərli tövsiyələrini səsləndirdi. Ümumilikdə yeni tərkibdə Milli Məclisin ilk iclasında ölkə rəhbəri tərəfindən irəli sürülən fikirlərə Azərbaycan dövlətinin və cəmiyyətinin inkişafı üçün yol xəritəsi kimi qiymət vermək olar. Bu yol xəritəsinin bir sıra komponentləri var.


Cənab Prezident çıxışında parlament seçkilərinə qiymət verərək belə bir fikir səsləndirdi ki, bu seçki Azərbaycan xalqının iradəsini əks etdirir. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan xalqı bu seçkilərdən məmnun qalmışdır və seçkilərdən sonra müşahidə olunan hadisələr bunu bir daha göstərir. Seçkiləri müşahidə etmək üçün bir çox beynəlxalq təşkilatların müşahidəçiləri dəvət edilmiş və onların mütləq əksəriyyəti seçkilərin həm hazırlıq dövrünü, həm kampaniya dövrünü və həm də seçkilər gününü çox müsbət qiymətləndirmişdir. Demək olar ki, müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri demokratiyanın inkişafında növbəti uğurlu addım kimi qiymətləndirmişlər və bəyan etmişlər ki, Azərbaycan xalqı azad şəkildə öz seçki hüququndan istifadə edib və seçkilərin nəticələri real mənzərəni əks etdirir. Bunu bəyan edən beynəlxalq müşahidəçilər, əlbəttə ki, reallığı əks etdirir. Dövlətimizin başçısı qeyd edib: “Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və hesab edirəm ki, bu, demokratiyanın inkişafında önəmli addımdır. Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini qazanıb. Təbii ki, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir”.


Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, onun ideyaları ətrafında birləşən, bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə çox uğurla addımlayan Yeni Azərbaycan Partiyasının namizədləri parlamentdə yenə də çoxluğa nail oldular. Bu öz-özlüyündə Azərbaycan cəmiyyəti, xalqı tərəfindən partiyamıza olan yüksək etimaddır.


Digər komponent ondan ibarətdir ki, yeni formalaşmış Milli Məclis Azərbaycanda növbəti illər üçün həm cəmiyyət, həm də parlament daxilində yeni ünsiyyət, yeni dialoq platforması formalaşmasını ifadə edir. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bu, çox müsbət əlamətdir. Beləliklə, bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və bu, demokratiyanın inkişafında önəmli addımdır. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Çoxpartiyalı parlamentin ilk iclasında yeni rəhbərliyin, eləcə də, komitə rəhbərliyinin seçimində bu amil özünü ifadə edir. Bu fakt siyasi plüralizmin təzahürü olmaqla yanaşı, siyasi dialoq sisteminin yeni mərhələdə formalaşmasının göstəricisidir. Cənab Prezident çıxışında cəmiyyətə səslənərək bundan sonra da siyasi dialoqun daha geniş vüsət alması üçün tərəflərin açıq dialoqa hazır olmasının işarəsini verdi. Bunun üçün münbit şərait yaradılıb.


Başqa bir məqam odur ki, Azərbaycan ötən illər ərzində böyük nailiyyətlər qazanıb və cənab Prezidentin islahatlar strategiyası uğurla həyata keçirilir


Yeni tərkibli parlament də islahatlar strategiyasının reallaşması prosesində önəmli faktordur və bu strategiyanın reallaşmasına mühüm töhfələr verəcək.


Dövlətimizin başçısı deputatlara onu da tövsiyə etdi ki, qanunvericilik missiyası ilə yanaşı, yerlərdə seçicilərlə ünsiyyət sistemi dəyişməli, deputat-seçici ünsiyyəti dövlət-xalq arasında olan bir körpü rolunu oynamalıdır. Bu ideyadan irəli gələrək deputatların bundan sonra seçicilərlə ünsiyyət formasının məzmun və mahiyyət etibarilə ciddi şəkildə dəyişməsinin şahidi olacağıq.


Cənab Prezident İlham Əliyev eyni zamanda tarixi çıxışında Azərbaycan cəmiyyətinin indiyə qədər keçdiyi yola qiymət verdi və gələcək strategiya ilə bağlı tövsiyələrini irəli sürdü.


Dövlətimizin başçısı, həmçinin iqtisadiyyatın daha da inkişaf etdirilməsi, milli mənəvi dəyərlərin qorunması, bu dəyərlər konteksində yeni gənc nəslin formalaşması, sosial və gənclər siyasətinin daha geniş vüsət alması və dövlətçilik ənənələrinin gücləndirilməsi ilə bağlı tövsiyələrini verdi və bu yöndə deputatların üzərinə düşən vəzifələrdən bəhs etdi.