BolgeXeber.Com » Bölgə » Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun doğum günü münasibəti ilə tədbir keçirilib

Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun doğum günü münasibəti ilə tədbir keçirilib

28-02-2023, 14:47
Oxunub: 6 120

Bolgə.TV xəbər verir ki, Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun doğum günü münasibəti ilə tədbir keçirilib.


Qəhrəmanın abidəsi önündə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları, Tərtər Cümə məscidinin axundu, qəhrəmanın ailə üzvləri, şəhid ailələri, qazilər, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.


Tədbir iştirakçıları əvvəlcə Milli Qəhrəmanın və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, qəhrəmanın büstü önünə tər gül dəstələri düzüblər.

Tedbir iştirakçılarına öncə Elman Hüseynovun həyat və döyüş yolu haqqında məlumat verilib. Qeyd olunub ki, Elman Hüseynov 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində anadan olub. 1968-ci ildə Azad Qaraqoyunlu kənd tam orta məktəbini bitirib, Azərbaycan Dövlət Politexnik İnstitutunun məzunudur. 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində zabit kimi xidmət edib. 1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb. 1982-1990-cı illərdə Tərtər rayonunda müxtəlif məsul vəzifələrdə çalışıb. 


Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1991-ci ildə könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib, 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə qərərgahının rəisi, 1991-ci ilin noyabrında Tərtər ərazi özünümüdafiə batalyonunun komandiri təyin olunub.


Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak edib. Şəxsi şücaəti və rəhbərliyi altında keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Döyüşlərdə iki dəfə yaralanıb. 1993-cü il yanvarın 15-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. 1995-ci il yanvarın 15-də ölkə prezidentinin 262 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb


Sonra Elman Hüseynovun döyüş yoldaşları onunla bağlı xatirələrini bölüşüblər.


Qəhrəmanın oğlu Emin Hüseynov çıxış edərək şəhid ailələri adından onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.